Teyyub Əzizov 1971-ci il yanvar ayının 9-da Hacıqabul rayonunda anadan olub. 1985-ci ildə kyokuşinkay, karate məşqlərinə başlayıb. O, 29 ildir ki, həyatını kyokişin döyüş növünə həsr edib. SSSR Kyokuşin Karate Federasiyasının prezidenti Şiyxan Tanyuskinlə, Andrey İvanoviçin tələbəsi olub. 1985-1992-ci illərdə Ali Hərbi Məktəbdə təhsil alıb. 1992-ci ildə Qarabağda gedən döyüşlərə laqeyd qala bilməyib, vətənə qayıdaraq müharibəyə yollanıb. O, xüsusi təyinatlı dəstənin komandiri kimi döyüşlərdə böyük şücaət göstərib. Ağdamın, Füzulinin, Qubadlının müdafiəsində fərqləndiyinə görə Teyub Əzizov fəxri fərmanla təltif edilib. 1994-cü ildə atəşkəsdən sonra Teyyub müəllim Kyokuşin Karate Federasiyasını yaradıb. 1995-ci ildə federasiya Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi Beynəlxalq Karate Təşkilatı tərəfindən təsdiq olunur. Elə həmən ildən Teyyub müəllim Azərbaycan Kyokuşinkaykan Karate Federasiyasının prezidenti seçilib. O, 1998-ci ildə İspaniyanın Saraqosa şəhərində keçirilən Avropa çempionatının mükafatçısı, 1999-cu ildə İran İslam Respublikasının Tehran şəhərində təşkil olunan mütləq Asiya cempionatının çempionu, 2005-ci ildə ildə isə Rusiyanın Moskva şəhərində keçirilən dünya çempionatında 4-cü yerin sahibi olub. Teyyub müəllim onlarla beynəlxalq çempionatın, turnirlərin qalibi olub. O, 2007-ci ildə yeni yaranan və 2008-ci ildə qeydiyyatdan keçən Beynəlxalq Kyokuşinkay Karate Təşkilatına prezident seçilib. Teyyub müəllimin başçılığı altında Azərbaycanda və dünyada bir çox çempionatlar və turnirlər keçirilib. Buna 2008-ci ildə Bakıda keçirilən Dünya kubokunu, 2009-cu ildə 32 ölkənin iştirakı ilə təşkil olunan I mütləq dünya cempionatını göstərmək olar. Qeyd edək ki, bu yarışlar Beynəlxalq Kyokuşinkay Karate Təşkilatının nüfuzunun artmasına zəmin yaradıb. 2012-ci ilin dekabrında Türkiyənin İstanbul şəhərində təşkil olunmuş Dünya kubokunda Beynəlxalq Kyokuşinkay Karate Təşkilatının Beynəlxalq Kyokuşinkay Karate Federasiyası ilə əvəz olunması haqqında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Ədliyyə Nazirliyi qarşısında vəsadət qaldırılıb. 2013-cu ildə fevral 15-də bu vəsadət öz təsdiqini tapıb. Hazırda IKKF öz ətrafında 37 federasiya birləşdirir. Qeyd edək ki, hər il Teyyub müəllim 4-5 xarici dövlət təşkil olunan beynəlxalq seminara başçılıq edir. Bu il o, Ukrayna, Belarus, Latviya, Kalninqrad, Dağıstan, Türkiyə və Gürcüstanda keçirilən seminarlara başçılıq edib. Teyyub, eyni zamanda, "ciyutaido” idman növünün yaradıcısıdır. Bu idman növü 1 ildirki, yaranıb. Amma buna baxmayaraq, artıq dünyanın 18 ölkəsində federasiyalar fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, 2014-cü ildə Tacikistanın paytaxtı Düşənbə şəhərində ciyutaido üzrə ilk Dünya kuboku keçiriləcək. Bundan başqa bir çox beynəlxalq yarışların keçirilməsi də nəzərdə tutulub. Kəmalə Əliyeva,
Azərbaycan Beynəlxalq Kyokuşinkaykan Karate Federasiyasının icraçı sədri