İndoneziyada keçirilən III İslam Oyunlarına yola düşməzdən əvvəl yarışlarda karate növündə, ən azı, 1 qızıl medalın əldə olunacağını proqnozlaşdıran WKF növləri üzrə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovla canlı bağlantı yaratdıq. Yaşar Bəşirov yarış təəssüratlarını bizimlə bölüşdü:
- Karate üzrə millinin üzvlərinin III İslam Həmrəyliyi Oyunlarında komandamıza qızıl və gümüş medal qazandırmaları məni çox sevindirir. Oyunlarda ölkəmizə ilk qızıl medalı qazandırmış Ayxan Mamayev (- 84 kq) gənc idmançıdır. O, gənclər arasında dünya çempionu, böyüklər arasında Avropa çempionatının gümüş mükafatçısı, dünya Oyunlarının iştirakçısıdır. Ayxan gənc olmasına baxmayaraq yüksək səviyyədə çıxış edərək ona bəslənilən ümidləri doğrultdu. Ayxan İraq, Liviya və Misir təmsilçiləri üzərində inamlı qələbə qazandı. 84 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən karateçimiz Şahin Atamov səhətində problemlər yaranmasına baxmayaraq, yüksək əzmkarlıq nümayiş etdirdi. Tatami üzərinə yüksək hərarətlə çıxsa da, Şahin İslamiadanın gümüş medalını əldə etdi. Bİz bu medallarla kifayətlənmək niyyətində deyilik. Komandamızın digər təcrübəli idmançılarına da böyüük ümidlər bəsləyirik. Dünyada karatenin "brilliantı” adını almış, 4 qat dünya, 11 qat Avropa çempionu, 75 kq çəki dərəcəsində çıxış edəcək Rafael Ağayevdən uğurlu nəticə gözləyirik. 67 kq çəki dərəcəsində çıxış edəcək təcrübəli idmançımız, Avropa çempionu Niyazi Əliyev və 60 kq çəki dərəcəsində mübarizə aparacaq Tural Balcanlının da medallar qazanacaqlarına da inanıram. İslamiadada əldə olunan nəticə karatenin ölkəmizdə yüksək səviyyədə inkişaf etdiyini bir daha nümayiş etdirir. Bu bir daha təsdiqləyir ki, Azərbaycanda Olimpiya idman növləri ilə yanaşı, qeyri-olimpiya idman növlərinə də dövlət tərəfindən yüksək səviyyəli diqqət və qayğı göstərilir. Qeyd edim ki, ayın 25-də karateçilərimiz komanda yarışında da qüvvələrini sınayacaqlar. Əldə olunan qızıl və gümüş medallar onu deməyə əsas verir ki, karateçilərimiz komanda yarışlarında da birinci olmaq şansları yüksəkdir.
Xatırladım ki, 2005-ci ildə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanının Məkkə, Mədinə, Ciddə və Taif şəhərlərində keçirilmişdi. 14 idman növü üzrə keçirilən I İslam Həmrəyliyi Oyunlarında təmsilçilərimiz 12 idman növündə 103 idmançı ilə çıxış etmişdi. Yığmamız 4 qızıl, 4 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında 15 medalla səkkizinci pillədə qərarlaşmışdı. Bu medallardan 4-ü (1 qızıl, 2 gümüş, 1 bürünc) məhz karateçilərimizin payına düşmüşdü. Yığmamız komanda yarışında da üçüncü olmuşdu. I İslam Oyunlarında əldə olunan 4 qızıl medaldan birini komandamızın aktivinə 75 kq çəki dərəcəsində fərdi kumite yarışlarında çıxış edən karateçimiz Ceyhun Ağasıyev yazdırmışdı. Bu növ üzrə yarışlarda Rəşad Hüseynov (70 kq) və Yusif Cəfərov (60 kq) gümüş medallar qazanmışdılar. Rafael Ağayev isə 65 kq çəki dərəcəsində bürünc medala layiq görülmüşdü. Həmin İslamiadada Rafael Ağayevə qarşı hakimlər tərəfindən ədalətsizlik nümayiş etdirilmişdi. İnanıram ki, budəfəki yarışlarda Rafael ona bəslənilən ümidləri doğruldacaq. İndoneziyaya yola düşməzdən əvvəl "Olimpiya dünyası” qəzetinə verdiyim müsahibədə karateçimizin ən azı birinin qızıl medal qazanacağını bildirmişdim. Sevinirəm ki, proqnozum özünü doğrultdu. Komandamız uzun müddət idi ki, İslam Həmrəyliyi Oyunlarına hazırlaşırdılar. İdmançılarımız yarışa hazırlıq prosesini "Şüa” İdman Sağlamlıq Kompleksində keçmişdi. Sevindirici haldır ki, Azərbaycan III İslam Həmrəyliyi Oyunlarında karate idman növü üzrə favorit ölkələr sırasındadır. İldən ilə karateçilərimiz uğurlarını artırırlar. Xatırladım ki, ötən il komandamız dünya çempionatının finalınadək yüksəlib. Avropa çempionatında hər il nəticələrimiz uğurlu olur. Xatırladım ki, may ayında İspaniyada keçirilən Avropa çempionatında Rafael Ağayev 11-ci dəfə qitə çempionu tituluna yiyələnib. Həmin yarışda komandamızın üzvü Ayxan Mamayev gümüş, Şahin Atamov isə bürünc medal qazanıb.