Yarışların qalibi Ayxan Mamayev qələbə sevinclərini bizimlə bölüşüb:
- İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə iki ay təlim-məşq toplanışı keçmişdik. Bu ilki yarışlarda yalnız "İstanbul open” turnirində üçüncü yeri tutmuşdum. Tanrıya şükürlər olsun ki, əziyyətim yerdə qalmadı. Sevinirəm ki, Azərbaycan xalqının və məşqçilərimin etimadını doğrultdum. Yarışda 4 döyüş keçirdim. Finaladək çıxışlarım normal keçdi. Həlledici qarşılaşma bir qədər gərgin oldu. Məlum olduğu kimi, İslam Həmrəyliyi kimi mötəbər yarışda hər ölkə ən güclü idmançısı ilə qatılır. Finalda güclü misir karateçisi ilə üzləşdim. Rəqibimə 9:1 hesabı ilə qalib gəldim. Bu mənim üçün önəmli döyüş idi. Xatırladım ki, iki ay öncə Kolumbiyada keçirilən Dünya Oyunlarınada məhz misirli rəqibimə 2:1 hesabı ilə məğlub olmuşdum. Ona qalib gəldiyim üçün çox sevinirəm. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirova, məni karateyə gətirən məşqçim Şahin Xudaverdiyevə, məşqçilərim Rəhman Hətəmova, Rəşad Hüseynova, valideynlərimə mənə dəstək olduqlarına görə minnətdarlığımı bildirirəm. Yarışda çıxış edən digər məşq yoldaşlarıma uğurlar arzulayıram. Qarşıda bizi komanda yarışı gözləyir. İnanıram ki, komanda yarışında da uğurlu nəticə göstərəcəyik. Digər idman növlərində çıxış edən idmançılarımıza da uğurlar arzulayır və hər birindən medal gözləyirəm.