Yarışın gümüş medalçısı Şahin Atamov qələbə sevincini bizimlə bölüşüb:
- Əslində qızıl medal qazana bilərdim. Bu mənim sentyabr ayında iştirak etdiyim üçüncü yarışımdır. Əvvəlcə İstanbul Open, sonra Moskvada dünya yığma komandasının tərkibində Rusiya yığmasına qarşı döyüş keçirmişəm. Yarışqabağı səhətimdə ciddi problemlər yarandı. Bərk soyuqlamışdım və hərarətim yüksəlmişdi. Sürətli iqlim dəyişikliyi səhhətimə pis təsir etdi. Cakarta hava limanında həkimlərə müraciət etməli oldum.
Buna baxmayaraq bütün gücümü səfərbər edərək yarışa qatıldım və sonadək mübarizə apardım. Finala qədər rəqiblərim o qədər də zəif deyildi. Onlar üzərində inamlı qələbə qazandım. Finalda iranlı idmançı ilə üzləşdim. Mübarizə bir qədər gərgin alındı. Finaldakı rəqibimə bundan əvvəl Gürcüstanda keçirilən yarışda qalib gəlmişdim. Ümumiyyətlə bu idmançıdan bütün yarışlarda üstün olmuşam. Şükürlər olsun ki, medalsız qalmadım və gümüş medal əldə etdim. İnanıram ki, bu medalların davamı gələcək. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirova, qələbəmdə əməyi olan bütün məşqçilərimə öz minnətdarlığımı bildirirəm. Qeyd edim ki, əldə olunan uğurlar ölkəmizdə idmana göstərilən diqqət və qayğı sayəsində mümkün olub. İnanıram ki, III İslam Həmrəyliyi Oyunlarında digər idman növlərin də də uğurlu nəticələrimiz olacaq. Çünki əldə olunan uğurlar təkcə bizim deyil, bütün Azərbaycanımızın qələbəsidir.