Azərbaycan Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu mükafatlandırılıb

Azərbaycan Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu mükafatlandırılıb

İdman Araşdırmalar Mərkəzinin (İAM) sorğusuna əsasən 2021/2022 mövsümünün ən yaxşı futbolçusu seçilmiş "Qarabağ"ın futbolçusu Kadi Borges müfakatlandırılıb.

"Report"un məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi İAM və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokundakı "Suqovuşan" - "Xocalı" oyunundan əvvəl təltif olunub.

Braziliyalı oyunçuya mükafatı gənclər və idman Naziri Fərid Qayıbov verib.

Bundan əlavə, 2020/2021 mövsümünün ən yaxşı oyunçusu seçilmiş, Türkiyənin "Bursaspor" klubunda çıxış edən Namik Ələskərovun mükafatı da təqdim olunub. Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev 27 yaşlı yarımmüdafiəçi hazırda Bursada olduğu üçün mükafatı onun 4 yaşlı övladı Amilə verib.

Mükafatlardan başqa Kadi Borgesə "Şuşa", Ələskərova isə "Kəlbəcər" komandalarının formaları təqdim edilib. Ramin Musayev və Fərid Qayıbov da hədiyyə olaraq xatirə formaları alıblar. "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev F.Qayıbova "Suqovuşan", İAM-ın sədri Elşən Məmmədov isə Ramin Musayevə "Ağdam" komandasının formasını verib.

Bildirilib ki, Suqovuşandakı avarçəkmə, kayak və kanoe üzrə Prezident Kuboku işğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq yarış olduğundan və nazir burada iştirak etdiyi üçün ona məhz bu komandanın forması verilib.