Cavid Osmanov: "Böyük işlər görürsünüz"

Cavid Osmanov: "Böyük işlər görürsünüz"

"Hər birinizi salamlayıram. İlk növbədə təşkilatçılara təşəkkür edirəm ki, məni belə gözəl turnirə dəvət ediblər. İdman dostluq və mehribanlıqdır".

Olimpnews-a məlumatına görə, bunu Milli Məclisin deputatı Cavid Osmanov İdman Araşdırmalar Mərkəzinin və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kuboku barədə danışarkən deyib.

C qrupunda "Laçın" və "Qubadlı" komandaları arasındakı matçı izləyən Osmanov turnirin dostluq şəraitində keçdiyini bildirib: "Bundan əvvəlki matçın bir hissəsini də izləmişəm. Həmin qarşılaşma da mehriban şəraitdə baş tutdu. Hər bir komandaya uğurlar arzulayıram. Güclü olan qalib gəlsin. Komandalar işğaldan azad olunmuş bölgələrin adlarını təmsil edirlər. İşğaldan azad olunmuş ərazilərdə, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həm l Qarabağ müharibəsində, həm də Vətən müharibəsində canından keçən şəhidlərimiz olub. Onlara Allahdan rəhmət, ailə üzvlərinə səbr diləyirəm. Şəhidlərimiz bizim əbədi qəhrəmanlarımızdır. Jurnalistlər arasında da peşə fəaliyyətini yerinə yetirən zaman şəhidlik zirvəsinə yüksələnlər olub. Allah hər birinə rəhmət etsin. Qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmağı arzulayıram".

Deputat bu yaxınlarda ölkənin mədəniyyət paytaxtı olan Şuşaya səfər etdiyini söyləyib: "Milli məclisin komitə iclasları orada keçirilirdi. Şuşanın işğaldan azad olunmasını gözümüzün qarşısında canlandıranda bir nəticəyə gəlmək olur ki, bunu yalnız Azərbaycan əsgəri və gənci həyata keçirə bilərdi. O qəhrəmanlığı və igidliyi gənclərimiz etdi. Onlar sıldırım qayaları aşaraq Şuşamızı işğaldan azad ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə güclü və qüdrətli Ordu qurulub. Ordumuzun rəşadəti və qüdrəti sayəsində düşmənin belini qırdıq".

Osmanov media nümayəndələrinin Vətən Müharibəsində Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı bacardıqlarını vurğulayıb: "Bölgədə yaranmış reallığı dünyaya çatdırmaq baxımından böyük işlər görürsünüz. Hər birimiz bilməliyik ki, 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanı işğaldan azad edərkən Azərbaycan xalqına müraciət etdi. Müraciətində dedi ki, mən ata vəsiyyətini yerinə yetirdim. Ötən il mayın 10-da Prezident Naxçıvana səfər etmişdi. Orada dedi ki, mən babama da söz vermişəm. Ona görə daha da möhkəm və bir olmalıyıq. Ata vəsiyyətini yerinə yetirmiş Prezidentin ətrafında sıx birləşməliyik. Hər birimiz yaxşı düşünsək, özümüzdə bir fikir formalaşar ki, babaya verilən söz nədir. Bu istiqamətdə hər birinizə uğurlar".