İndoneziyanın Palembanq şəhərində keçirilən 3-cü İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycan idmançıları daha bir medal qazanıblar. Bununla da medalların sayı 9-a çatıb.
Sentyabrın 25-də yarışlarda çıxışlarını uğurla başa vuran karateçilərimiz qızıl medal qazanıblar. Beləliklə, İndoneziya, Malayziya və Əlcəzair yığmalarına qalib gələn komandamız finala vəsiqə qazanıb.
Finalda İran yığması ilə gərgin mübarizə aparan karateçilərimiz əsl əzmkarlıq göstərərək rəqiblərinə 3:1 hesabı ilə qalib gəliblər. İlk döyüşdə Niyazi Əliyev özündən ağır və hündür olan rəqibə məğlub olsa da sonrakı qarşılaşmalarda Asiman Qurbanlı, Rəfael Ağayev və Şahin Atamovun inamlı qələbələri sayəsində komandamız İran komandasını məğlubiyyətə uğradıb.
Ağırlıqqaldırma yarışlarında idmançımız Zülfüqar Süleymanov 62 kq çəki dərəcəsində yarışların bürünc medalını qazanıb. Z. Süleymanov birdən ağırlıq qaldırmada 123 kq, təkanla qaldırmada 155 kq çəkinin öhdəsindən gəlib və ümumilikdə 278 kq nəticə ilə üçüncü olub.
Üzgüçülük yarışlarında 100 metr məsafəyə batterflyay üsulla üzmədə Yevgeni Lazuka bürünc medal qazanıb. Y. Lazuka bir gün öncə 50 metr məsafəyə baterflyay üsulla üzmədə gümüş medalf sahib olmuşdu. Sentyabrın 25-də isə idmançımız 55.05 saniyə nəticə ilə özünün 2-ci, komandamıza isə 9-cu medalını qazanıb.