Millinin kapitanı: "Avropa çempionatında sürpriz edə bilərik"

Millinin kapitanı: "Avropa çempionatında sürpriz edə bilərik"

"Məşqlərimiz öz qaydasında davam edir. Bütün oyunçular turnirə ciddi yanaşır. Hamısı hara və nə üçün getdiyimizi, hansı ölkəni təmsil etdiyimizi yaxşı bilir. İddialıyıq, səfərə qələbə üçün yollanırıq. Neçə vaxtdır hazırlaşırıq və bunun bəhrəsini görmək, etimadı doğrultmaq istəyirik".

"OlimpNews"un məlumatına görə, bunu mini-futbol üzrə Azərbaycan milli komandasının kapitanı və qapıçısı Ramin Həsənzadə Slovakiyanın Koşitse şəhərində keçiriləcək Avropa çempionatı öncəsi Bakıdakı son məşq zamanı jurnalistlərə açıqlamasında deyib.

Çətin qrupa düşdüklərini söyləyən təcrübəli qolkiper heç bir rəqibdən çəkinmədiklərini bildirib: "İlk oyunumuz 6 qat Avropa çempionu Rumıniyaya qarşı olacaq. Digər 2 rəqibimiz də iddialıdır. Ümid edirəm ki, vətənə yaxşı nəticə ilə qayıdacağıq".

Həsənzadənin sözlərinə görə, Azərbaycan millisi Avropa çempionatının sürpriz komandası ola bilər: "Ötən turnirdə heyətimiz tam fərqli idi. Qrupdan çıxa bilməmişdik. Bəlkə də həmin çıxışımıza baxıb bizi ciddiyə almaya bilərlər. Bu baxımdan ilk matçda nəticə əldə etmək olar. Qrupdan psixoloji cəhətdən daha hazırlıqlı komandalar çıxacaq".

O, komandada ab-havanın yüksək səviyyədə olduğunu vurğulayıb: "Lazımi şərait yaradılıb. Öz vaxtımızı gözləyirik ki, meydana çıxıb mübarizə aparaq. Baş məşqçinin verdiyi bütün tapşırıqlar yerinə yetirilir".

Həsənzadə bildirib ki, digər yığmalarda da gənc yox, təcrübəli qapıçılara şans verirlər: "Bu, vacib amildir. Burada futzaldan fərqli olaraq, arxaya daha çox pas verirlər. Ona görə də ayaqla yaxşı oynayan qapıçılar böyük üstünlükdür".