Məhəmməd Adiyev: "Azərbaycan yığması layiqli rəqibdir"

Məhəmməd Adiyev: "Azərbaycan yığması layiqli rəqibdir"

"Azərbaycan yığması kifayət qədər layiqli rəqibdir. Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik. Rəqibin necə oyun göstərəcəyi də çox önəmlidir".

Olimpnews.az məlumatına görə, bunu Qazaxıstan millisinin baş məşqçisi Məhəmməd Adiyev evdə Azərbaycan yığmasına qarşı UEFA Millətlər Liqasının I tur matçından əvvəl mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis iyunda 4 qarşılaşma keçirəcəklərini xatırladıb: "Bu səbəbdən, gücümüzü bölməyə çalışacağıq. İlk görüşümüz Azərbaycan seçməsinə qarşı olacaq. Əlimizdə olan futbolçularla kifayətlənəcəyik. Artıq heyətə başqa kimlərisə dəvət etməyəcəm. Bu oyunçularla qarşıdakı 4 matçda mübarizə aparacağıq".

Adiyev sabahkı görüşdə balanslı oyuna üstünlük verəcəklərini söyləyib: "İspaniyanın "Real Madrid" və İngiltərənin "Liverpul" komandaları arasındakı UEFA Çempionlar Liqasının final matçını nümunə göstərə bilərəm. Hücum futbolu oynayaraq 0:5 hesabı ilə məğlub ola bilərsən. Amma balanslaşdırılmış futbol sərgiləyərək, qalib gəlmək mümkündür. "Liverpul" - "Real Madrid" matçı bunun bariz nümunəsidir".

Qeyd edək ki, iyunun 3-də "Astana Arena"da keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.