Portuqaliyanın Portu şəhərində gənclər arasında taekvondo üzrə Avropa birinciliyi start götürüb. Gənclərdən ibarət yığmanın baş məşqçisi, Əməkdar məşqçı Məmməd Abdullayevin rəhbərliyi altında yarışa qatılan idmançılarımız Avropa birinciliyinin ilk günü uğurla çıxış ediblər.
Millimizin üzvlərindən Məhəmməd Məmmədov (-55 kq) qızıl, Tapdıq Quliyev (-68 kq) isə bürünc medala layiq görülüb. Məhəmməd Məmmədov rəqibləri Fredrik Lindstroma (İsveç) 8:2, Manic Miakloya (Serbiya) 13:3, Siyarhey Serpitovskiyə (Belarus) 28:4 hesabı ilə qalib gələrək özü üçün yarımfinala vəsiqəni təmin edib.Yarımfinal mərhələsində Belçika təmsilçisi Ketbi Si Mohamedə şans verməyən taekvondoçumuz rəqibini 14:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada isə Ursu Nikita (Moldova) üzərində 7:2 hesabı ilə qələbə qazanan Məhəmməd fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Tapdıq Quliyev isə Sangarıdes Nokolası (Kipr) 13:11, Georgiadis Toması (Yunanıstan) 7:6 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda döyüşdə türkiyəli Akyol Berkaya məğlub olan idmançımız yarışı bürünc medalla başa vurub.