Sentyabrın 14-dən 22-dək Polşanın Krınitsa şəhərində kikboksinq üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı keçirilib. Yarışda ölkəmizin idman şərəfini kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət yığmanın və DİN İC-in kikboksinq üzrə baş məşqçisi, əməkdar məşqçi Hikmət Hacıyevin rəhbərliyi altında millimizin 25 üzvü qoruyub. Təmsilçilərimiz bu yarışda uğurla çıxış edərək vətənə 17 medalla dönüblər. Bu medallardan ikisi qızıl, ikisi gümüş, on üçü isə bürüncdür.
Təmsilçilərimiz arasında 2012-ci ilin dünya, 2013-cü ilin Avropa çempionu Emil Mövsümzadə 75 kq çəki dərəcəsində çempion olub. Daha bir qızıl medalı komandamıza 51 kq çəki dərəcəsində çıxış edən Avropa çempionumuz Ruslan Musayev qazandırıb. Zöhrab və Qəmbər Əzimovlar isə gümüş medala layiq görülüblər. Komandamız Avropa çempionatında ümumi hesabda Rusiya və Polşadan sonra üçüncü pillədə qərarlaşıb.
Bugünlərdə məşqçi Hikmət Hacıyevlə görüşərək, idmançılarımızın Avropa çempionatındakı çıxışı barədə ətraflı məlumat aldıq. Komandanın yarışlara yüksək səviyyədə hazırlaşdığını deyən Hikmət müəllim idmançılarımızın qitə çempionatındakı çıxışından razı olduğunu bildirdi: "İdmançılarımız Avropa çempionatına hazırlığı iki ay ərzində Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin kikboksinq zalında keçiblər. Təlim-məşqlərə 30-a yaxın yeniyetmə və gənc idmançı cəlb olunmuşdu. Bu idmançılar arasından seçim etdik və yarışa 25 idmançı ilə qatıldıq. Gənclər və yeniyetmələr arasında WAKO versiyası üzrə keçirilən Avropa çempionatında 35 ölkədən 1600-dək idmançı iştirak edirdi. Komandamız lou versiyası üzrə yarışlarda Rusiya və Polşadan sonra üçüncü yerə çıxdı. Müqayisə üçün deyim ki, Rusiya komandası və ev sahibi Polşa yığması yarışa daha böyük heyətlə qatılmışdı. Əlbəttə, Azərbaycan komandasının kiçik heyətlə yarışda üçüncü olması böyük uğurdur. İdmançılarımız 2 qızıl, 2 gümüş, 13 bürünc medal qazandılar. Qızıl medala layiq görülən idmançımız Emil Mövsümzadə 75 kq çəki dərəcəsində bütün rəqiblərini üstələdi. Qeyd edim ki, Emil 2012-ci ilin dünya, 2013-cü ilin Avropa çempionudur. 51 kq çəki dərəcəsində qızıl medal sahibi olan Ruslan Musayev bundan əvvəl də Avropa çempionu titulunu qazanıb. Komandamızın üzvləri Zöhrab Əzimov və Qəmbər Əzimov gümüş medallar əldə etdilər. Zöhrab bundan əvvəl dünya çempionatında gümüş medal qazanmışdı. Qəmbər isə respublika çempionudur. Onun beynəlxalq yarış təcrübəsi, demək olar ki, yox idi. Birinci dəfə idi ki, belə mötəbər yarışa qatılırdı. Buna bayxamayaraq, gümüş medal qazandı”.
Məşqçi idmançılarımızın Avropa çempionatındakı rəqiblərindən də danışdı: "Bilirsiniz ki, adətən, yarışlarda yerli idmançılara üstünlük verilir. Burada da hakimlərin Polşa idmançılarına tərəfkeşlik etməsi hiss olunurdu. Bu komanda ilə yanaşı, bizim əsas rəqiblərimizdən biri Rusiya yığmasının üzvləri idilər. İdmançılarımızın əksəriyyəti final və yarımfinal qarşılaşmalarında rusiyalı idmançılarla mübarizə aparırdılar. Ümumiyyətlə deyim ki, Rusiya kikboksçuları bütün yarışlarda idmançılarımıza ciddi rəqib hesab olunurlar. Buna baxmayaraq, Azərbaycan idmançıları da onlara ciddi müqavimət göstərirlər. İdmançılarımız Emil və Zöhrab Rusiyanın bir nömrəli idmançıları üzərində qələbə qazandılar. Rusiya komandasının idmançıları da etiraf edirlər ki, bizim üçün əsas rəqib Azərbaycan komandasının üzvləridirlər”.
Hikmət Hacıyev gənc idmançılarımızın bu il iştirak etdikləri yarışlardan da söz açdı: "Qeyd edim ki, bu il Azərbaycan Kikboksinq Federasiyasının təşəbbüsü ilə ümümmilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş silsilə yarışlar keçirilib. Bu yarışlar Avstriya, Cənubi Afrika Respublikası və Azərbaycanda təşkil edilib.
Avqust ayında Cənubi Afrikada Respublikasının paytaxtı Pretoriya şəhərində keçirilən yarışda iki gənc idmançımız - Emil Mövsümzadə və Məhəmməd Süleymanov da iştirak etdilər. Gənclərimiz böyüklər arasında çıxış etmələrinə baxmayaraq uğurlu nəticə göstərdilər. Emil qızıl, Məhəmməd isə gümüş medal qazandı. Qeyd edim ki, bu yarışda, ümumilikdə, 11 idmançı qüvvəsini sınayırdı. Onu da deyim ki, yetirməm Ramal Aslanov həmin yarışda böyüklər arasında çempion adını qazanaraq kuboka sahib çıxdı. O, bu il ümümmilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş yarışların üçündə də çempion olub. Qeyd edim ki, ümümmilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş yarışlar yüksək təşkilatçılığı ilə diqqəti çəkib. Bu cür yarışların keçirilməsi ölkəmizi dünyada tanıtmaqla yanaşı, bu idman növünün dünyada təbliği və ölkəmizdə inkişafına da xidmət edir. Bundan başqa, Azərbaycan Kikboksinq Federasiyası tərəfindən idmançılarımızın yüksək səviyyəli təlim-məşq və yarışlarda iştirakı üçün hər cür şərait yaradılır. Fürsətdən istifadə edib Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevə yarışın yüksək səviyyədə təşkili, idmançılarımıza yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Qeyd edim ki, Adil Əliyev kikboksçulara daim dəstək olur, onların problemləri ilə mütəmadi maraqlanır, idmançıların mötəbər yarışlarda yüksək nəticə qazanmaları üçün hər bir şərait yaradır”.
Baş məşqçi ötən illərlə müqayisədə komandanın budəfəki Avropa çempionatında daha uğurla çıxış etdiyini, istedadlı və perspektivli gənc kikboksçular nəslinin yetişdiyini diqqətə çatdırdı: "Bu il gənclər və yeniyetmələrdən ibarət yığma komandanın əsas yarışı respublika çempionatı olub. Qeyd edim ki, WAKO versiyası üzrə Avropa çempionatı iki ildən bir keçirilir. Gələn il idmançılarımızın əsas yarışı dünya çempionatı olacaq. Xatırladım ki, bundan əvvəlki Avropa çempionatı Polşanın Liqnano şəhərində keçirilmişdi. Budəfəki yarışda medal əldə edən idmançılarımızdan Emil Mövsümzadə və Zöhrab Qəmbərov gümüş medal qazanmışdılar. Komandamızın üzvləri, ümumilikdə, 9 medala sahib çıxmışdılar. Bunlardan 2-si qızıl, 1-i gümüş, 6-sı isə bürünc medal idi. Budəfəki Avropa çempionatında əldə olunan nəticə onu göstərir ki, ölkəmizdə istedadlı və perspektivli gənc kikboksçular nəsli yetişir. Həm idmançıların sayı, həm də əldə olunan medalların keyfiyyəti baxamından inkişaf var. Kikboksinqdə gənclərdən ibarət ehtiyat qüvvə yetişir. Qeyd edim ki, yetirməm, təcrübəli idmançı Ramal Aslanov da vaxtilə yeniyetmələrdən, sonra gənclərdən ibarət yığmada çıxış edib. Hazırda o, böyüklər arasında Avropa və dünya çempionatları, peşəkar yarışlarda öz sözünü deyir. Buyaxınlarda Ramal Türkiyənin Antalya şəhərində keçiriləcək dünya çempionatında ful kontakt növündə çıxış edəcək. Qeyd edim ki, o, bugünlərdə ölkəmizdə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş peşəkarlar arasında yarışda da çempion adını qazandı. Mən onun döyüşünü Polşadan internet vasitəsilə birbaşa izləyirdim. O, Ukraynanın tanınmış idmançısına birinci raunda nokautla qalib gəldi. Yetirməmə inanırdım və bilirdim ki, çempion olacaq. Ramal yorulmaq bilmədən davamlı olaraq məşq edir. Buna görə də rinqdə həmişə əli yüksəklərə qalxır. İnanıram ki, o qarşıdakı yarışda dünya çempionu tituluna yiyələnəcək”.
Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin ölkənin aparıcı idman ocaqlarından biri olduğunu deyən Hikmət Hacıyev idmançılarımızın Avropa çempionatına hazırlığın əsas hissəsini orada keçdiklərini bildirdi: "İdmançılarımızın Avropa birinciliyinə hazırlıq xarakterli təlim-məşqləri Daxili İşlər Nazirliyinin idman cəmiyyətində keçiblər. Bu bölmədə yeniyetmə və gənc idmançılarımız üstünlük təşkil edir. Cəmiyyətin idmançıları yığma komandanın tərkibində yarışlara qatılaraq, nailiyyətlər qazanırlar. Biz idmançılarda kiçik yaşlarından döyüş növlərinə maraq oyatmaq, onların sağlam və vətənpərvər ruhda böyümələri üçün çalışmalıyıq. Bu gün gənclərimiz vətənin müdafiəsinə daim hazırlıqlı olmalıdırlar. Peşəkar idmançıların yetişdirilməsi ilə yanaşı, biz bu məqamlara da xüsusi diqqət yetiririk. Hazırda Daxili İşlər Nazirliyinin idman cəmiyyətinə polis polkovniki Sahib İsmayılov sədrlik edir. Sahib müəllimin rəhbərliyi altında cəmiyyətin təmsilçiləri ayrı-ayrı idman növləri üzrə mükafatlar qazanırlar. Qeyd edim ki, Sahib İsmayılov idmançılara öz diqqət və qayğısını əsirgəmir. Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin kikboksinq bölməsində müxtəlif yaş qrupları üzrə 350 kikboksçu bu idman növünün sirlərinə yiyələnir. Bölmə yarandığı dövrdən əsas məqsədimiz idmançıların ölkədaxili və beynəlxalq səviyyəli turnir və çempionatlarda birinci olmasını təmin etməkdir. Sevindirici haldır ki, yerimələrim onlara bəslənilən ümidləri doğruldurlar”.
Aysel Sultanova