Pedaqoji üçbucaq

Pedaqoji üçbucaq

“Öyrədərkən tərbiyə edirəm, tərbiyə edərkən öyrədirəm” - aforizmi həmişə pedaqoji aləmdə geniş yayılıb. Çünki təlimi tərbiyəsiz, tərbiyəni təlimsiz təsəvvür etmək çətindir”.
Bütün tədris müəssisələrində olduğu kimi idman məktəblərində də uşaqlara tədris materialının məzmunu, məşqin təşkili, tətbiq edilən metodlar tərbiyəvi təsir göstərir. Bütün bunlarla yanaşı, istər nəzəri, istərsə də praktiki məşqlər ümumi inkişafa hərtərəfli təkan verir. 
Bu baxımdan idman məktəblərində nəzəri və praktiki məşqlərdə təlim-tərbiyə işlərinin keyfiyyətini daim yüksəltmək, qabaqcıl təcrübəni yaymaq əsas məsələlərdən biri sayılır. 
Danılmaz faktdır ki, pedaqoji kollektivin  işdə birgə fəallıq göstərməsi görüləcək işi maraqlı edir, onun səmərəliliyini və keyfiyyətini artırır. Görkəmli pedaqoq V.A.Suxomlinskinin dediyi kimi: - “Kollektivdə hər kəsin istedadının vaxtında aşkar edilərək hərtərəfli inkişaf etdirilməsi kollektivin mənəvi və siyasi səviyyəsini ucaldır”.
Bütün sahələrdə olduğu kimi idman sahəsində də məşqə gələn hər bir uşağın istedadı nə qədər tez üzə çıxarsa, onun inkişaf imkanları da bir o qədər çox olar. 
Bəzi valideynlər uşaqlarının məktəbdə, ayrı-ayrı bölmələrdə, eləcə də idman məşqlərində aldıqları psixoloji və fiziki cəhətdən yükləndiklərini bildirirlər. Əgər məşqçi ilə həkimlərin birgə səyi nəticəsində aparılan məşqlər təşkil olunsa, burada artıq yüklənmə nəzarət altında olacaq. Keçirilən məşqlər plana uyğun məşq yükü ilə keçirilməlidir. Bu zaman verilən yük istirahətlə düzgün bölüşdürməlidir.
Məşhur rus pedaqoqu S.Makarenko bu barədə öz fikrini konkretləşdirilmiş formada belə yazırdı: “Müəllim dərs prosesində təlim ilə tərbiyənin vəhdətini təşkil etməyi bacarmalıdır”.
Əlbətdə bunu idman məşqlərində, məşq prosesində məşqçilər tətbiq edərlərsə məşqin səmərəliliyi artar və bu məşğul olanların hərtərəfli inkişafında böyük rol oynaya bilər. Təcrübəli pedaqoqların fikrincə, uşaqlar o zaman ürəkdən sevinirlər ki, həyatda gördükləri işdən fərəh duysunlar. Məhz belə olduqda onların həyatda öz qüvvələrinə inamı artır və bu vərdişlərə tez yiyələnə bilərlər. Lakin etiraf etmək lazımdır ki, bu həmişə belə olmur. Fərəh hissi ilə qeyd etmək istərdim ki, ümumtəhsil məktəblərindən fərqli olaraq idman məktəblərində hər hansı bir idman növü ilə məşğul olan uşaqda bu sevinc, bu fərəh hissi bir növ fərqlidir. 
İdmanın hər hansı növü ilə məşğul olan uşaqlar idmanla məşğul olmayan həmyaşıdları ilə müqayisədə xüsusilə fərqlənirlər. Bu da onlar üçün əlbətdə çox qürurverici bir haldır. 
Valideynlər övladlarının idmanla məşğul olması üçün onlara heç zaman mane olmamalıdırlar. Onları kiçik yaşlarından sevdiyi idman bölmələrinə yazdırmaları məqsədəuyğundur. Təcrübə göstərir ki, ailə, məktəb və məktəbdənkənar idman müəssisələrinin (idman məktəblərinin) birgə işi yeniyetmələrinin hərtərəfli inkişafında həlledici rol oynamaqla bərabər, onların həyatda birliyini inkişaf etdirir.
Valideynlərin ümumtəhsil məktəblərinin pedaqoji kollektivi və idman məktəblərində məşqçi-müəllimlərin səyi və tələbkarlığı sayəsində vahid tələblər norması yaradılaraq, fəaliyyət göstərir. Məhz belə əməkdaşlıq sahəsində hər bir uşağın təhsili, davranışı, məktəb yol daşları ilə münasibəti, eləcə də idman məktəblərində keçirilən məşqlər, təlim-məşq toplanışları, yarışlar, ekskursiyalar və biri-birindən maraqlı tədbirlər müzakirə edilərək, araşdırılır. 
Bununla da müəllimlərə məşqçilərə, valideynlərə və uşaqlara müstəqil düşünmək və qərara gəlmək imkanı verilir. Bu əlbətdə uşaqların təlim təlim-tərbiyəsində böyük rol oynayır.

Hümbət Cavadov,                
sərbəst güləş üzrə SSRİ idman ustası