Velosipedçimiz Fransada uğur qazanıb

Velosipedçimiz Fransada uğur qazanıb

Qarşıdan gələn dünya çempionatına hazırlıq məqsədilə Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Belçikanın “Cannibal Team” velosiped klubunun tərkibində 40 günlük təlim-məşq toplanışında olan gənc oğlanlardan ibarət Azərbaycan yığma komandasının üzvü Kamran Mirzəxanov hazırlıq prosesi çərçivəsində daha bir beynəlxalq yarışda iştirak edib.

İdmançımız Fransada təşkil olunan şose velosipedi üzrə 3 mərhələdən ibarət “Boucles de l'Oise Juniors - Trophée Arnaud Coyot” yarışında mübarizə aparıb.

Avqustun 20-də start götürən yarış 2 gün davam edib. İlk gün idmançılar Le Plessis Belleville ərazisində qrup ötüşməsi növü üzrə 114,6 kilometr məsafə qət ediblər. Avqustun 21-də isə yarışın daha 2 mərhələsi baş tutub. Günün birinci yarısı keçirilən ikinci mərhələdə velosipedçilər Bresles ərazisində fərdi ötüşmə üzrə 15,7, günün ikinci yarısı təşkil olunan üçüncü mərhələdə isə qrup ötüşməsi üzrə Verneuil en Halattedən Nogent-sur-Oiseyə qədər 89,8 kilometr məsafədə mübarizə aparıblar.

K.Mirzəxanov 106 velosipedçinin iştirak etdiyi birinci mərhələni (qrup ötüşməsi) 2 saat 45 dəqiqə 34 saniyə nəticə ilə 25-ci, 84 idmançının qatıldığı ikinci mərhələni (fərdi ötüşmə) 21 dəqiqə 25 saniyə nəticə ilə 54-cü, 82 velosipedçinin mübarizə apardığı üçüncü mərhələni (qrup ötüşməsi) isə 2 saat 2 dəqiqə 46 saniyə nəticə ilə 32-ci yerdə başa vurub. O, yarışın hər 3 mərhələsinin ümumi nəticəsinə görə isə 40-cı sırada qərarlaşıb.

K.Mirzəxanov və komanda yoldaşları heyətin liderini birinci yerə çıxarmaq üçün çalışıb və uğurlu nəticəyə nail olublar. Belə ki, klubun üzvü Valery Ştin üçüncü mərhələnin qalibi olub.

Qeyd edək ki, velosipedçimizin tərkibində mübarizə apardığı “Cannibal Team” klubunun digər üzvlərindən R.Ermakov həm birinci mərhələdə, həm də ümumi təsnifatda ən yaxşı dağ velosipedçisi, V.Ştin isə üçüncü mərhələdə ən yaxşı sprinter seçilib.

Komanda hesabında isə "Cannibal Team” klubu birinci mərhələdə ikinci, ikinci mərhələdə və ümumi təsnifatda isə 3-cü yerə layiq görülüb.