Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) dəstəyi ilə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Rafiq Heydərovun xatirəsinə həsr olunmuş U-17 sərbəst güləş üzrə “Təhsil” Respublika İdman Mərkəzi 2 nömrəli uşaq-gənclər idman məktəbinin açıq birinciliyi keçirilib.
Turnirin açılış mərasimi Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutu və Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.
Şəhid Rafiq Heydərovun ailə üzvləri, yarışa dəstək verən AİJA prezidenti, Əməkdar jurnalist Eldar İsmayılov, tədbirin moderatoru, AİJA Güləş komissiyasının sədri, Əməkdar məşqçi, “Olimpsport” jurnalının baş redaktoru Ramin Allahverdiyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, tədbirin təşkilində əsas məqsəd şəhidlərimizin xatirəsini əbədiləşdirmək, yeniyetmə və gənclərə vətənpərvərlik ruhunu aşılamaq, idman və sağlam həyat tərzini təbliğ etməkdir.
Yarışda 10 komandanın 150-yə yaxın idmançısı qüvvəsini sınayıb. Gərgin rəqabət şəraitində keçən birincilikdə fərqlənən idmançılar diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə yarışda iştirak edən məşqçi heyətinə idman geyimləri hədiyyə edilib.
Vətən müharibəsi şəhidinin xatirəsinə turnir keçirilib