Bu yaxınlarda Şəki şəhərində “İdman festivalı 2022” adlı tədbir keçirilib. Böyük bayram coşğusu ilə keçirilən festivalda 23 idman növü - ağırlıqqaldırma, atıcılıq, badminton, basketbol, dağadırmanma, futbol, oxatma, qılıncoynatma, stolüstü tennis, triatlon, üzgüçülük, velosiped idmanı, atletika, avarçəkmə, boks, cüdo, gimnastika, güləş, həndbol, teqbol, taekvondo, voleybol, yelkən idmanı üzrə 150-dən çox idmançı və 35 məşqçi iştirak edib. Festivalda əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri, o cümlədən müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun, ilkin tibbi yardım, film nümayişi və digər tədbirlər təşkil olunub. Festivalın keçirildiyi günlərdə gənclər və idman naziri Fərid Qayıbov Şəki Olimpiya İdman Kompleksində festival iştirakçıları ilə görüşüb, onları maraqlandıran sualları cavablandırıb.
Festivalda atletika idman növü üzrə uğurla çıxış edərək sertifikata layiq görülən Nəsimi Rzayev adına 169 saylı tam orta məktəbin 9-cu sinif şagirdi, Azərbaycan çempionu, yığma komandanın üzvü Abdulla Əliyev də yer alıb. Bundan əvvəl digər idman növlərində də gücünü sınayan A.Əliyev bu festivalın karyerasında böyük rol oynadığını deyib.
“İdmana kiçik yaşımdan həvəsim var. 5 yaşım olarkən idmanın akrobatika gimnastikası növü üzrə məşqlərə başladım. 2 il məşğul olduğum bu idman növündə bir neçə dəfə daxili yarışlarda aşağı yaş qruplarında mükafatçılar sırasında yer almışam. Bundan sonra isə 4 il üzgüçülük idman növündə özümü sınadım. Paralel olaraq isə taekvondo məşqlərinə də başladım. Hətta taekvondo üzrə Bakı çempionu adına layiq görülmüşəm.
Bundan başqa müəyyən vaxtlarda idmanın atıcılıq, karate və cüdo növləri ilə də məşğul olmuşam. Atıcılıq növündə Bakı çempionatının bürünc medalını qazanmışam.
Hazırda isə atletikanın üçtəkanla tullanma növü ilə məşğul oluram və yığma komandanın üzvüyəm. Bu il təşkil olunan atletika üzrə Azərbaycan çempionatında qızıl medala sahib çıxmışam. Şəkidə təmsil olunduğum festival idmana olan marağımı daha da artırdı. Xüsusən də cənab nazirin bizimlə səmimi söhbəti, xeyir-duası məndə daha da ruh yüksəkliyi yaratdı. Fürsətdən istifadə edib, mənə dəstək olan məşqçilərimə, müəllimlərimə minnətdarlığımı bildirirəm. Çalışacağam ki, onların etimadı doğruldum”, - deyə A.Əliyev bilirib.
Azər Əlizadə