Dekabrın 9-10-da Azərbaycan Cüdo Federasiyasının və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş yeniyetmələr arasında IX beynəlxalq cüdo turniri keçirilib. Yarışın açılışında ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyəti başçının 1-ci müavini Teymur Səmədov və Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Ağayar Axundzadə çıxış edərək dünya şöhrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən, idman sahəsində görülmüş işlər və ölkəmizin qazandığı nailiyyətlərdən danışıblar.
Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən yarışdaAzərbaycanın 18 şəhər və rayonu ilə yanaşı Niderland idmançıları da iştirak edib. Ümumilikdə 40 komandadan 268 idmançı qalib adı uğrunda mübarizə aparıb.Xatirə turnirindəU-16 yeniyetmələr arasında 20 çəki dərəcəsində medalçılar bəlli olub.
Turnirin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etmək, yeni nəslin sağlam ruhda böyüyüb tərbiyə olunması, ölkədə bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, cüdo idman növünün geniş şəkildə təbliğ olunması, gənclərimizin yüksək məqsədlər uğrunda mübarizə əzminin artırılmasından ibarətdir.