Sərbəst güləşçimiz Osman Nurmaqomedov ABŞ-ın Ayova ştatının Koralvill şəhərində keçirilən Dünya Kubokunda bürünc medala sahib çıxıb. Dünya yığmasının heyətində yer alan idmançımız B qrupunda yaponiyalı Satoşi Miuraya tam üstünlüklə qalib gəlsə də (10:0), iranlı Əmirhüseyn Bığlar Firuzpurbandpeyiyə (10:10) sonuncu xal prinsipinə əsasən məğlub olub.
Yaponiyaya (9:1) qalib gələn dünya yığması ardından İrana (4:6) məğlub olub və B qrupunda 2-ci yeri tutub. Bürünc medal uğrunda rəqib Gürcüstan komandası olub. 8:2 hesablı qələbədə O.Nurmaqomedovun da payı olub. O, Miriani Maysuradzeni 3:0 hesabıyla üstələyib. Bununla yığmamızın üzvü Dünya Kubokunda bürünc medal qazanıb.
Qadınların yarışında isə Jalə Əliyeva (57 kq) bəxtsizliklə üzləşib. Dünya yığmasının heyətində yer alan həmyerlimiz çinli Yonqxin Fenqlə görüşdə hesabda 6:3 öndə olarkən sağ ayağından ciddi zədə alaraq mübarizəni dayandırmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, sərbəst güləşdə ABŞ, qadın güləşində isə Ukrayna Dünya Kubokuna sahib çıxıb.
Pəhləvanımız dünya yığmasının heyətində bürünc medala sahib çıxdı