Ölkəmizdə idmana göstərilən dövlət qayğısı gənc nəslin fiziki sağlamlığının qorunmasında xüsusi rol oynayır. Respublikamızın əksər şəhər və rayonlarında təşkil olunan yarışlar perspektivli idmançıların yetişməsinə zəmin yaradır. Ölkəmizin paytaxtında, eləcə də müxtəlif bölgələrində əlamətdar günlərə həsr olunmuş turnirlərin keçirilməsi gənc idmançıların təcrübə qazanması baxımından əhəmiyyətlidir. Sumqayıtda belə tədbirlər tez-tez və yüksək səviyyədə təşkil olunur.
«Gənclik şəhəri»ndə ayrı-ayrı idman növləri üzrə yarışların, o cümlədən qızlar arasında güləş turnirlərinin keçirilməsi ənənə şəklini alıb. Yeri gəlmişkən deyək ki, qadın güləşinin inkişafında Abşeron UGİM-in məşqçiləri - Xəyal və Tural Əliyev qardaşlarının danılmaz xidməti var. Təşkil olunan yarışlara Sumqayıtın müasir tələblərə cavab verən idman ocaqları ev sahibliyi edir. Yeniyetmələrin və gənclərin cəlb olunduğu turnirlər Sumqayıtda fəaliyyət göstərən müxtəlif təşkilatların dəstəyi ilə həyata keçirilir. Azərbaycan Müharibəsi Veteranları Birliyi Sumqayıt şəhər Təşkilatı idman yarışlarına öz dəstəyini əsirgəməyən qurumlardan biridir. Təşkilat Sumqayıtda həm daxili yarışların, həm də açıq birinciliklərin keçirilməsinə köməklik göstərir. Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyinə həsr olunmuş sərbəst və qadın güləşi üzrə açıq birincilik buna əyani sübutdur. Turnirdə müxtəlif klubları və idman cəmiyyətlərini təmsil edən 150 (50 qız, 100 oğlan) güləşçi mübarizə aparıb.
Turnirin açılış mərasimində çıxış edən Azərbaycan Müharibəsi Veteranları Birliyi Sumqayıt şəhər Təşkilatının sədri Mübariz Quliyev yarış iştirakçılarına uğurlar arzulayıb:
«Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunan yarış Azərbaycan ordusunun yaradılmasının 95 illiyinə həsr olunub. Bu gün bu turnirdə mübarizə aparan yeniyetmələr sabahın əsgərləridir. Məhz onlar torpaqlarımızın bütövlüyünün təminatçılarıdır. Belə turnirlər yeniyetmə idmançılarımızın təcrübə qazanması baxımından da mühüm əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, bu yarışda respublikamızın bir neçə bölgəsini təmsil edən gənc pəhləvanlar mübarizə aparırlar. Bu bir daha göstərir ki, Azərbaycanın hər bir bölgəsində idmanın inkişafı üçün şərait yaradılıb. Azərbaycan dövlətinin idmana göstərdiyi qayğı danılmazdır». Azərbaycan Güləş Federasiyası 2 saylı nümayəndəliyinin məşqçisi Xəyal Əliyev öz çıxışında idmana göstərilən qayğını yüksək qiymətləndirib: «İştirakçısı olduğumuz turnir Azərbaycan Müharibəsi Veteranları Birliyi Sumqayıt şəhər Təşkilatının dəstəyi ilə həyata keçirilir. Mən təşkilatın rəhbəri, xalqımızın vətənpərvər oğlu Hacı Mübariz Quliyevə öz adımdan və idmançılarımız adından təşəkkür edirəm. Yarışın təşkilində öz mənəvi köməyini əsirgəməyən millət vəkili Musa Qasımlıya, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənova, şəhər Bələdiyəsinin sədri Əbülfəz Babayevə və Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru Hüseyn Abbasova minnətdarıq. Əminəm ki, Qarabağ müharibəsi veteranlarını təmsil edən Azərbaycan Müharibəsi Veteranları Birliyi Sumqayıt şəhər Təşkilatı bundan sonra da, öz maddi və mənəvi dəstəyini göstərəcək. Çünki belə turnirlər Azərbaycanın perspektivli idmançılarının üzə çıxarılmasında əhəmiyyətli rol oynayır». Qeyd edək ki, iyun ayında Çernaqoriyada güləş üzrə keçirilən Avropa çempionatında 43 kq çəkidə mübarizə aparan Türkan Nəsirova bürünc medal qazanıb. Bu münasibətlə Abşeron UGİM -in direktoru Mais Məsimov xanım güləşçiyə və onun məqçisi Tural Əliyevə qiymətli hədiyyələr təqdim edib. Turnirin final yarışları gərgin idman mübarizəsi şəraitində keçib. Qızlar arasında 4 qızıl, 2 gümüş və 1 bürnc medal əldə edən Abşeron idmançıları komanda hesabında birinci olublar. Oğlanların mübarizəsində isə Sumqayıt Olimpiya İdman Kompleksinin güləşçiləri komanda hesabında birinci yerə layiq görülüblər.
Hürrü