Utrextdə 2 qızıl və 1 bürünc medal qazanan idmançılarımız tarix yazdılar

Utrextdə 2 qızıl və 1 bürünc medal qazanan idmançılarımız tarix yazdılar


Festivalda Avropanın 49 ölkəsindən 3300 idmançı 9 növdə (basketbol, velosiped (şose), voleybol, həndbol, cüdo, atletika, üzgüçülük, idman gimnastikası və tennis) qüvvələrini sınadı. Yarışda 47 nəfərlik (30 idmançı, 10 məşqçi, 1 hakim, 1 media işçisi, 5 rəsmi şəxs) nümayəndə heyəti ilə təmsil olunan Azərbaycan komandası festivalda 5 (atletika, tennis, üzgüçülük, velosiped, cüdo) idman növündə mübarizə apardı. Hollandiyaya yola düşən komandanı atletikada 7, tennisdə 2, üzgüçülükdə 6, velosipeddə 3, cüdoda 12 nəfər idmançı təmsil etdi. Avropa Yeniyetmələrinin Olimpiya Festivalında iştirak edən Azərbaycan atletləri uğurlu nəticələr əldə etdilər.

Olimpiya kəndində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Roqqun və Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikkinin Avropa Yeniyetmələrinin XII Olimpiya Festivalının (AYOF) bir qrup idmançısı ilə görüşü keçirilib. Görüşdə çıxış edən Patrik Hikki AYOF-un BOK prezidenti Jak Roqqun təşəbbüsü ilə kecirildiyini diqqətə çatdırıb və ona öz təşəkkürünü bildirib. O, bu festivalın yeniyetmə atletlərin böyük idmana gedən yolda əsl sınaq məktəbi olduğunu və onların gələcək idman karyerasında mühüm rol oynadığını vurğulayıb. Jak Roqq görüşdə çıxış edərək XII Olimpiya Festivalının ən yaxşı idman bayramlarından biri kimi tarixə düşəcəyinə əmin olduğunu bildirib. O, yeniyetmə atletlərə uğurlar arzulayıb və festivalın bundan sonra da yüksək səviyyədə keciriləcəyinə inandığını bildirib. BOK və AOK prezidentləri ilə keçirilən görüşdə Azərbaycanın yeniyetmə idmançısı Zaur Əliyev də iştirak edib.


Yarışların birinci günü 50 kiloqram çəki dərəcəsində çıxış edən Elnur Abbasov festivalın qızıl medalını qazanaraq ona bəslənilən ümidləri doğrultdu. Finalda belçikalı Yorre Vestratenə qalib gələn Elnur Azərbaycan bayrağının yüksəklərə qaldırılmasına və Dövlətimizin himninin səsləndirilməsinə nail oldu. Komandamıza ilk qızıl medalı qazandıran Elnur Abbasovdan (50 kq) sonra daha bir cüdoçumuz - Hidayət Heydərov (60 kq) rəqiblərinə qarşı mübarizədə fərqlənərək festivalın bürünc medalına sahib çıxdı. Onunla eyni gündə (17 iyul) mübarizəyə qoşulan digər cüdoçularımız Nəzakət Xəlilova (52 kq), Fəridə Həsənxanova (57 kq) və Ramin Məsməliyev (66 kq) sona qədər inamla mübarizə aparsalar da, mükafatçılar sırasına düşə bilmədilər. İyulun 17-də atletika üzrə keçirilən yarışların nəticəsi həm yeniyetmə idmançımız Nazim Babayev, həm də komandamız üçün sevindirici oldu. Belə ki, üçtəkanla tullanma yarışlarında onunla mübarizəyə qoşulan çox güclü rəqiblərinə heç bir şans verməyən Nazim Babayev sona qədər şəriksiz liderliyini qoruyub saxlaya bildi. Nazim üçtəkanla tullanma yarışında parlaq nəticəsi ilə bu idman növündəki mübarizə yoldaşları arasında ən güclü olduğunu sübut edi.


O, 15.53 m nəticə göstərərək Olimpiya festivalının qızıl medalını qazandı. Qeyd edək ki, festivalın rekordunu təzələmək üçün yeniyetmə idmançımıza cəmi 3 sm məsafə kifayət etmədi. Digər idmançılarımıza gəlincə isə , onlar layiqli mübarizə aparsalar da, medalçılar sırasına düşə bilmədilər. Beləliklə, komandamız 2 qızıl və 1 bürünc olmaqla 3 medal qazandı. Yeniyetmələrin XII Yay Olimpiya Festivalında komandamızın medal qazanan üzvləri, eləcə də qızıl medala layiq görülən Nazim Babayevin şəxsi məşqçisi Ziyad Xəlfəyev, atletika üzrə yığma komandanın məşqçisi Elvin Əliyev «Olimpə doğru» jurnalına festivalla bağlı ətraflı məlumat verdilər.




Nazim Babayev: "Qələbəmdə əməyi olan hər bir kəsə minnətdarlığımı bildirirəm”


- Nazim, istərdik ki, əvvəlcə özünüz haqda məlumat verəsiniz

- 1997-ci ildə Bakı şəhərində anadan olmuşam. Hazırda Sabunçu rayonu 80 saylı orta məktəbində təhsil alıram. Ailənin tək övladıyam. 6 yaşımdan idmanla məşğul oluram. İdmana gəlməyimdə babamın böyük zəhməti olub. Əvvəllər futbola marağım olsa da, sonralar idmanın atletika növü ilə məşğul olmağa başladım. Məşqçilərimin etimadını doğrultduqdan sonra yarışlarda iştirak etmək hüququ qazandım. Karyeram ərzində bir sıra beynəlxalq yarışlarda iştirak etmişəm. Sevindirici haldır ki, çıxış etdiyim bu yarışların hamısında medal qazanmışam. Yeniyetmələrin Asiya Oyunlarında II yerə layiq görlümüşəm. Bu yarışdan sonra Yılmaz Sızaq beynəlxalq turnirində I və III yerləri tutdum. Ən böyük nailiyətim isə Hollandiyanın Utrext şəhərində keçirilən Yeniyetmələrin Olimpiya Festivalında oldu.


- Yeniyetmələrin Olimpiya Festivalında uğurlu çıxış edərək komandamıza qızıl medal qazandırdınız. Bu nəticəni göstərəcəyinizə inanırdınızmı?

- Bu yarışa çox ciddi hazırlaşmışdım. Əziyyətimin hədər getməsini istəmirdim. Şükürlər olsun ki, Utrextdə arzuladığım çıxışı göstərərək yarışın qalibi adını qazandım. Düzdür, turnirdə çox ciddi idmançılar var idi. Xüsusilə, İspaniya və Rusiya idmançılarını qeyd etmək istərdim. Amma buna baxmayaraq, şəxsi nəticəmi yaxşılaşdıraraq 15,53 m nəticə ilə bütün rəqiblərimi qabaqladım.


- Artıq Yeniyetmələrin XII Yay Olimpiya Festivalının qalibisiniz. Hansı hissləri keçirirsiniz?

- Ölkəmizin bayrağını Utrextdə dalğalandırıb, himnini səsləndirdiyim üçün qürur hissi keçirirəm. Qələbəmdə əməyi olan hər bir kəsə minnətdarlığımı bildirirəm.


- Yəqin ki, çoxlu təbriklər qəbul etdiniz...

- Əlbəttə. Yarış başa çatandan sonra ilk olaraq məşqçilərim təbrik etdilər. Daha sonra qələbə sevincimi digər idmançı yoldaşlarımla bölüşdüm. Bu yarış mənim xatirəmdə unudulmaz an kimi qalacaq.


- Qarşıda hansı yarışlarda iştirak etməyi planlaşdırırsınız?

- Qarşıda bir sıra mötəbər yarışlar var. Bundan sonra da çalışacağam ki, çıxış etdiyimi bütün yarışlarda yaxşı nəticə göstərim.



Ziyad Xəlfəyev: "Yetirməm gözlədiyimdən daha artıq nəticəyə sahib çıxdı”


- Yetirmənizdən bu nəticəni gözləyirdinizmi?

- Nazim qış hazırlıq dövründə 14,01 m nəticə göstərmişdi. O, bu nəticəni Azərbaycan çempionatında bir qədər də yaxşılaşdırdı - 15,01 m. Utrextdə təşkil olunan festivalda da ondan yaxşı nəticə gözləyirdim. Şükürlər olsun ki, yetirməm ona bəslənilən ümidləri doğrulda bildi. Yarışdan əvvəl də hiss edirdim ki, Nazim ən azı 15,50 m nəticə göstərəcək. Yetirməm gözlədiyimdən daha artıq nəticəyə sahib çıxdı. O, 15,53 m nəticə ilə yarışların qalibi oldu.


- Nazimin qələbə qazanmasında daha çox hansı amillər böyük rol oynadı?

- Ardıcıl keçirilən məşqlər sayəsində bu nəticəyə sahib olduq.


- Bildiyiniz kimi, yarışlarda əsas rol oynayan amillərdən biri də idmançının psixoloji hazırlığıdır...

- Nazimlə 8 yaşından məşğul oluram. Onu həm psixoloji, həm də texniki cəhətdən yarışlara özüm hazırlayıram.

- Yetirməniz qələbə qazananda, bir məşqçi kimi hansı hissləri keçirdiniz?

- Bildiyiniz kimi, hər bir idmançının qələbəsi onun məşqçisinin qələbəsi sayılır. Nazim yarışa çıxmamışdan qabaq bir az həyəcanlı idim. Nəticələr bəlli olduqdan sonra çox rahatlaşdım. Çünki hər bir idmançının çıxışı üçün onun məşqçisi məsuliyyət daşıyır. Nazimin qələbə qazanması məni çox sevindirdi.


- Bildiyiniz kimi, 2015-ci ildə Bakıda I Avropa Oyunları keçiriləcək. Necə düşünürsünüz, Nazim bu yarışda da uğurla çıxış edə biləcəkmi?

- İnanıram ki, Nazim bu yarışlarda da uğurla çıxış edərək bayrağımızı yüksəklərə qaldıracaq. Əlbəttə ki, bunun üçün çox çalışmaq lazımdır. Təlim-məşqlərimizi davam etdiririk. Əlimizdən gələni edəcəyik ki, bundan sonra da idmançımız bütün yarışlarda uğurlu nəticələrə sahib çıxsın.



Elvin Əliyev: "İnanıram ki, bu nailiyyət Nazimin gələcək karyerasında arxayınçılıq hissi yaratmayacaq”

- Atletika üzrə yarışlarda ölkəmiz 7 nəfərdən ibarət komanda ilə təmsil olunurdu. Bu idmançılardan yalnız Nazim Babayev qızıl medala layiq görüldü. Düzdür, yarışlar zamanı bəzi anlaşılmazlıqlar oldu. Tabloda nəticələr səhv göstərildi. Lakin atletimiz yaxşı çıxış edərək heç bir seçim yeri qoymadı və qələbə qazandı. Ümumiyyətlə, Nazim atletika üzrə yarışlarda yenietmələr arasında yığma komandanın liderlərindəndir. Onun İstanbulda və Utrextdə uğurla çıxış etməsi bir daha sübut etdi ki, bu idmançı öz üzərində çox ciddi hazırlaşır. İnanıram ki, bu nailiyyət Nazimin gələcək karyerasında arxayınçılıq yaratmayacaq və o, yeni-yeni qələbələrlə bizi sevindirəcək. Mükafatçılar sırasında yer ala bilməyən idmançılarımız isə ən azı öz şəxsi nəticələrini yaxşılaşdırmağa nail oldular. İnanıram ki, atletlərimizin bu yarışda iştirakı onların gələcək karyeralarında mühüm rol oynayacaq.


Yeniyetmələrin XII Yay Olimpiya Festivalında cüdoçularımız da uğurlu nəticə göstəriblər. Belə ki, Elnur Abbasov qızıl, Hidayət Heydərov isə bürünc medala sahib çıxıb. Festivalın qızıl mükafatçısı Elnur Abbasov bizi maraqlandıran sualları ətraflı cavablandırdı.


"Ardıcıl keçirilən məşqlər öz bəhrəsini verdi”


- Elnur, Utrextdə təşkil olunan festivalda qızıl medal qazanaraq bütün diqqəti öz üzərinə yönəltdin. İstərdik ki, özün haqda məlumat verəsən.

- Kiçik yaşlarımdan idmana həvəsim olub. Yaşadığımız yerin yaxınlığında cüdo məktəbi fəaliyyət göstərirdi. İdmana olan marağımı görən atam məni cüdo məşqlərinə yazdırdı. İdmanla 8 ildir ki, məşğul oluram.


- Utrextdə uğurlu nəticə göstərdin. Yarışa getməmişdən qabaq bu nəticəyə yiyələnəcəyinə inanırdınmı?

- Yarışdan əvvəl çempionluğu qarşıma məqsəd qoymuşdum. Çünki bu turnirə çox ciddi hazırlaşmışdım. Bir sıra təlim-məşqlərdə iştirak etmişdim. Şükürlər olsun ki, ardıcıl keçirilən məşqlər öz bəhrəsini verdi. Utrextdə çempion olduğum üçün çox sevinirəm. Hollandiyada bayrağımızı dalğalandırıb, himnimizi səsləndirdiyim üçün özümü xoşbəxt hiss edirəm. Qələbəmdə əziyyəti olan məşqçilərimə və digər şəxslərə minnətdarlığımı bildirirəm.

- Keçirdiyin görüşlər sənin üçün çətin olmadı ki?

- Rəqiblərim çox güclü idi. Demək olar ki, Avropa və dünya çempionatının mükafatçıları həmin yarışda iştirak edirdilər. Əvvəlkiyarışlarda mübarizə apardığım idmançılar bu yarışda da mənə rəqib oldular. İlk döyüşüm bir qədər çətin alındı. Amma buna baxmayaraq, rəqibimi ippon fəndi ilə məğlub etdim.


- Ən yadda qalan görüşün hansı oldu?

- Ən yadda qalan görüşüm yarımfinalda türkiyəli idmançı ilə oldu. Bu idmançı çox güclü olsa da, onu asanlıqla məğlub etdim.


- Yəqin ki, medal qazandıqdan sonra sevincinə şərik olanlar çox oldu?

- Çempion olduqdan sonra ilk olaraq məşqçim Rəşad müəlim məni təbrik etdi. Sonra qələbə sevincimi valideynlərimlə bölüşdüm.



- Bu yarış sənin idman karyeranda nə ilə yadda qaldı?

- Bu yarış tanışlıq baxımından çox mühüm rol oynadı. Burada yeni-yeni idmançılarla tanış olduq.


- Yəqin ki, yarışları yaxından izləmək üçün zala çoxlu azarkeş gəlmişdi. Bu səndə tatamiyə çıxan zaman həyəcan hissi yaratmadı ki?

- İlk dəfə idi ki, bu cür nüfuzlu yarışda iştirak edirdim. Hətta bu yarışı Olimpiya oyunlarına bənzətdim. İnsanda sanki Olimpiya həyəcanını yaradırdı. Azarkeşlər çox çılğın idilər. Lakin bütün bunlar mənim qələbə qazanmağıma maneçilik törədə bilmədi.





Hidayət Heydərov: "Bürünc medal qazandığım üçün özümü xoşbəxt hiss edirəm”


- Hidayət, istərdik ki, idmana gəlişin barədə məlumat verəsən.

- İdmanla 6 yaşımdan məşğul oluram. Mənim idmanla məşğul olmağımın əsas səbəbkarı atamın yaxın dostu olub. Onun köməyi ilə idmanla məşğul olmağa başladım. Kiçik yaşlarımdan döyüş növlərinə həvəsim olub. Lakin sonradan cüdo ilə məşğul olmağı qərara aldım. Bu idman növü üzrə məşqlərdə yaxşı iştirak etdikdən sonra yarışlarda qüvvəmi sınamağa başladım.


- Yeniyetmələrin XII Yay Olimpiya Festivalına qədər hansı yarışlarda mübarizə aparmısan?

- Yeniyetmələr arasında keçirilən cüdo üzrə Avropa çempionatında iştirak etmişəm. Bu yarışda çempion olmaqla yanaşı, yeniyetmə cüdoçular arasında reytinq cədvəlində birinci pilləyə yüksəldim.


- Festivalda bürünc medala sahib çıxdın...

- Utrextdə keçirilən Yeniyetmələrin Olimpiya Festivalındakı çıxışımı uğurlu hesab edirəm. Bu yarışa çox ciddi hazırlaşmışdım. Əsas məqsədim qızıl medal qazanmaq idi. Yarımfinala qədər bütün görüşlərim asan keçdi. Bu mərhələdə isə uğurlu çıxışımı davam etdirə bilmədim və məğlub oldum. Amma, bununla belə, bürünc medal qazanmaq üçün şanslarım qalırdı. Şükürlər olsun ki, rusiyalı rəqibimi məğlub edərək bürünc medala sahib çıxdım.

- Səncə, qızıl medal qazanmaq üçün nə çatışmadı?

- Utrextdə mübarizə apardığım idmançılarla daha əvvəl Avropa çempionatında qarşılaşmışdım. Yəni rəqiblərim tanış cüdoçular idi. Bu yarışda əsas rəqiblərimlə müqayisədə fiziki cəhətdən zəif təsir bağışladım. Avropa çempionatında ipponla qalib gəldiyim rəqibimi bu yarışda ilə məğlub etdim. Düzdür, bu festivala çox yaxşı hazırlaşmışdım. Amma rəqiblərimin də hazırlıq səviyyəsi çox yaxşı idi. Buna görə də qızıl medal qazana bilmədim.


"Ümumilikdə komandamızın çıxışını qənaətbəxş hesab edirəm”


Yığma komandanın baş məşqçisi Rəşad Həsənov da yetirmələrinin çıxışını yüksək dəyərləndirdi:
- Hər bir məşqçi kimi, tələbələrimin uğurlu çıxışı məni də çox sevindirir. Yetirmələrimdən Elnur Abbasov Utrextdə keçirilən festivalda birinci yerə layiq görüldü. O, bu yarışdan əvvəl 2012-ci ildə keçirilən Avropa çempionatında da mükafatçılar sırasında yer almışdı. Ümumilikdə Elnurun çıxışını qənaətbəxş hesab etmək olar. O, bu festivaldan sonra bu yaxınlarda keçiriləcək dünya çempionatında iştirak edəcək. İnanıram ki, o, həmin yarışda da uğurlu nəticə qazanaraq, vətənə medalla qayıdacaq. Digər yetirməm Hidayət isə görüşdə müəyyən səhvlərə yol verdi. Bu da onun çempion olmasına mane oldu. Əslində, Hidayət də qızıl medal qazanmağa layiq idmançı idi. Amma təəssüf ki, yarımfinalda məğlub oldu. Qızların yarışında isə Leyla Əliyevadan medal gözləsəm də, o, ümidləri doğrultmadı. İdmançılarımızın çıxışında müəyyən çatışmazlıqlar olsa da, ümumilikdə komandamızın çıxışını qənaətbəxş hesab edirəm.