İdman gimnastları beynəlxalq turnirlər mövsümünə Dünya kuboku yarışları ilə start veriblər. Almaniyada keçirilən ilin ilk Dünya kubokunun ardınca dünya idman gimanstikasının ulduzları Qətərin paytaxtı Dohada bir araya gəliblər. Fevralın 28-dən martın 4-dək keçirilən yarışda ölkəmizi yığma komandamızın üzvləri Nikita Simonov, İvan Tixonov, Samirə Qəhrəmanova və Nazənin Teymurova təmsil ediblər. Halqalar ilə hərəkətlərin icrasında təsnifat mərhələsini 4-cü pillədə başa vuran komandamızın üzvü Nikita Simonov həlledici mərhələdə ona bəslənilən ümidləri doğruldaraq 14.800 xalla bürünc medala sahib çıxıb. Bununla da idmançımız ötən il eyni şəhərdə keçirilən Dünya kubokundakı uğurunu təkrarlayıb. İvan Tixonov turnikdə 9-cu, parallel qollarda 11-ci, dəstəli atda 26-cı nəticəni göstərib.
Bu ildən etibarən böyüklər arasında yarışlarda qüvvəsini sınayan Nazənin Teymurova budəfəki Dünya kubokunda nəticəsini daha da yaxşılaşdırıb. Belə ki, Almaniyada keçirilən Dünya kubokunda sərbəst hərəkətlərin icrasında 11-ci olan idmançımız Qətərdə 8-ci pillədə (12.066 xal) qərarlaşıb. O, dayaqlı tullanma üzrə hərəkətlərin icrasında isə 13-cü olub.
Gimnastımız ötənilki uğurunu təkrarladı