İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən 2022-2024-cü illəri əhatə edən növbəti Olimpiya dövrünün müvafiq qaydalarına əsasən idman gimnastikası üzrə hakimlik imtahanları keçirilib. Təmsilçilərimizdən Kristina Pravdina və Anjella Abdullayeva beynəlxalq hakimlik dərəcələrini artırıblar. Belə ki, K.Pravdina ikinci, A.Abdullayeva isə üçüncü dərəcəni əldə edib.
FIG qaydalarına əsasən, hər olimpiadadan sonrakı yeni Olimpiya dövründə gimnastika idman növləri üzrə qaydalara dəyişikliklər edildiyi üçün hakimlər sahib olduqları hakimlik dərəcələrini hər dördildənbir təsdiqləməli və ya daha yüksək dərəcə almalıdırlar. Ümumilikdə dörd hakimlik dərəcəsi mövcuddur. Ən yüksək dərəcə birinci, ən aşağı dərəcə isə dördüncüdür.