Rusiyanın Sankt-Peterburq şəhərində döyüş idman növləri üzrə Dünya Oyunları keçirilir. Yarışların proqramında 15 döyüş növü nümayiş etdirilir.
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) mətbuat xidmətindən olimpnews.az saytına daxil olan məlumata görə, tanınmış Azərbaycan karateçiləri Rafael Ağayev (74 kq) Şahin Atamov (+94 kq) bu yarışın qalibi olublar.
4 qat dünya və 11 dəfə Avropa çempionu Rafael Ağayev Sankt-Peterburqda keçirilən Dünya Oyunlarında 5 döyüş keçirib. "Dünya karatesinin brilyantı” adlandırılan idmançımız bu döyüşlərdən yalnız finalda rəqibinə 1 xal verib. Dünya çempionatının bürünc mükafatçısı Şahin Atamov isə yarımfinalda rəqibinə heç bir şans verməyib. Hər iki idmançımızın nəticələrini aşağıda təfərrüatı ilə təqdim edirik.
Rafael Ağayev - Məhəmməd Əli Abdelrəhman Məhəmməd (Misir) 4:0
Rafael Ağayev - Rene Small (Hollandiya) 1:0
Rafael Ağayev - Tomas Skott (ABŞ) 1:0
Yarımfinal. Rafael Ağayev - Noah Bitsç (Almaniya) 5:0
Final. Rafael Ağayev - Luici Busa (İtaliya) 7:1
Şahin Atamov - Erkan Enes (Türkiyə) 2:4
Şahin Atamov - Moatasim Əl Fouzari (Mərakeş) 2:1
Yarımfinal. Şahin Atamov - Stefano Maniskalko (İtaliya) 2:0
Final. Şahin Atamov - Zabiollah Purşab (İran İ.R.) 4:1
Beləliklə bu mötəbər yarışın 4-cü günü mübarizəyə qatılan karateçilərimiz 2 qızıl medala sahib olmaqla, medal qazanan 41 ölkə arasında Azərbaycanı 4-cü pilləyə yüksəldiblər.
Xatırladaq ki, Sankt-Peterburqda döyüş idman növləri üzrə keçirilən Dünya Oyunlarında Azərbaycanı 14 idmançı təmsil edir. Onlardan bir nəfəri sambo, 2-si karate, 7-si güləş, 4-ü isə boks yarışlarında iştirak edir.
Yarışlar oktyabrın 26-da başa çatacaq.
AMKF-ın mətbuat katibi Sənan Məhərrəmov