Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) Paris-2024 Yay Olimpiya Oyunlarında reallaşdırılacaq yenilikləri ilk olaraq Bakıda keçiriləcək dünya kuboku yarışlarında tətbiq edəcək. Beynəlxalq Olimpiya Komitəsinin rəsmi təsdiqindən sonra Tokio-2020-də tətbiq edilmiş qaydalarla yanaşı, yeni qaydalar da bir sənəddə toplanaraq ISSF saytında yerləşdirilib.
"Atletlərin, məşqçilərin və rəsmi şəxslərin mayın 8-dən Bakıda qüvvəyə minəcək qaydalarla tanış olmaları üçün kitabça dərc edirik”, - deyə ISSF-in bəyanatında qeyd olunub.
Qeyd edək ki, Bakıda keçiriləcək atıcılıq üzrə dünya kuboku yarışlarında iştirak üçün 61 ölkədən 605 idmançı müraciət edib. Yarış mayın 8-dən 15-dək Bakı Atıcılıq Mərkəzində olacaq. Atletlər güllə atıcılığı üzrə 10 növdə mübarizə aparacaqlar.