Aprelin 14-dən 16-dək paytaxtımız daha bir beynəlxalq yarışa uğurla ev sahibliyi edib.
Ölkəmizdə 3-cü dəfə təşkil olunan “AGF Trophy” beynəlxalq turnirində 14 ölkədən 119 idmançı mübarizə aparıb. Gənclərlə yanaşı, ilk dəfə olaraq böyükyaşlı idmançıların da mübarizəyə qoşulması yarışa daha da böyük həyəcan qatıb.
Hər iki yaş qrupunda Azərbaycan təmsilçiləri həm fərdi, həm də qrup hərəkətləri proqramında uğurlu çıxış nümayiş etdiriblər.
Bədii gimnastika üzrə ölkəmizdə keçirilən ilin ilk beynəlxalq yarışı Azərbaycan komandasının gənclər və böyüklər yaş kateqoriyasında fərdi və qrup hərəkətləri proqramında 7 qızıl, 7 gümüş medalla yadda qalıb.
Bu günlərdə Fransada keçirilən 34-cü Beynəlxalq Qran-pri yarışının qalibi olan təcrübəli gimnastımız Zöhrə Ağamirova fərdi proqramda yüksək ustalıq nümayiş etdirərək komandamızın aktivinə çoxnövçülük proqramı, eləcə də ayrı-ayrı alətlər üzrə (top, halqa, gürzlər və lent) 5 qızıl medal qazandırıb. İdmançımız komanda hesabında təmsilçimiz Alina Gözəlova ilə birlikdə çempionluq sevincini yaşayıb.
Daha bir qızıl medalı yığmamızın aktivinə gənclər arasında qrup hərəkətləri proqramında 5 topla hərəkətlərin icrasında Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərova yazdırıb.
Böyüklər arasında yığmamızın üzvü Alina Gözəlova fərdi proqramda da ona bəslənilən ümidləri doğruldub. İdmançımız fərdi çoxnövçülük, halqa, top və lentlə hərəkətlərin icrasında gümüş medala sahib çıxıb.
Gənclərdən ibarət millimizin üzvləri Şəms Ağahüseynova və Nuray Əhmədzadə komanda hesabında ikinci olublar.
Gənclərdən ibarət qrup hərəkətləri komandamızın üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərova daha iki gümüş medalı çoxnövçülük və 5 iplə hərəkətlərin icrasında qazanıblar.
Fərdi proqramda gürzlərlə hərəkətlərin icrasında finalda ölkəmizi təmsil edən Leyli Ağazadə yarışı 6-cı pillədə başa vurub.
Gənclərdən ibarət ikinci qrup komandamız çoxnövçülük proqramında 8-ci, 5 topla hərəkətlərin icrasında 7-ci olub.
Yarışda həmçinin böyüklərdən ibarət qrup hərəkətləri yığmamızın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina da 5 halqa və 3 lent, 2 topla proqrmalarını nümayiş etdiriblər.
Qeyd edək ki, bu yarış həm də böyükyaşlı idmançılarımız üçün aprelin 21-23-də paytaxtımızda keçiriləcək Dünya kubokuna hazırlıq xarakteri daşıyıb.