90-a yaxın yerli media nümayəndəsi akkreditasiya keçib 

90-a yaxın yerli media nümayəndəsi akkreditasiya keçib 

Aprelin 18-də Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) KİV nümayəndələri üçün media mərkəzinin fəaliyyəti, iş qrafiki, akkreditasiya prosesi, jurnalist və fotoqrafların iş prinsipləri barədə seminar təşkil edib.

Seminarda 2023-cü il Formula 1 Azərbaycan Qran-Prisi haqqında ümumi məlumat verilib, ölkəyə gələcək komandaların heyəti, yarış təqvimi haqqında danışılıb.

Qeyd olunub ki, ümumilikdə 90-a yaxın yerli media nümayəndəsinin akkreditasiya üçün müraciəti qeydə alınıb. Formula 1 Azərbaycan Qran-Prisi daxil olmaqla, bütövlükdə 2023-cü il Formula 1 yarışları üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən tənzimlənir.

Bakının yeddinci dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-də keçiriləcək. Yarış çərçivəsində Bakıda ilk dəfə sprint yürüşü təşkil olunacaq.