Murmanskda şəhər meri Oleq Naydenovun xatirəsinə həsr olunmuş kikboksinq üzrə turnir keçirilib. İki gün davam edən yarışda 109 idmançı iştirak edib. Kikboksinqin layt-kontakt, kik-layt və K-1 növləri üzrə keçirilən turnirdə Rusiya Federasiyası Murmansk vilayətinin Polyarnı, Monçeqorsk, Kovdor, Kola və Apatitı şəhərlərinin idmançıları da öz ustalıqlarını nümayiş etdiriblər.
Yarışların yekunlarına, əsasən, vilayət mərkəzindəki 7 saylı idman məktəbinin təmsilçisi Aleksey Balanov ən yaxşı məşqçi hesab edilib. Onun yetirməsi Teymur Qazəhmədov isə ən yaxşı döyüş texnikasına görə mükafata layiq görülüb.
Gənclərin yarışlarında iki həmyerlimiz - Niyaməddin Curiyev (Murmansk, 57 kq) və Zamiq Ağayev (Murmansk, 67 kq) öz çəki dərəcələrində turnirin qalibi olublar.
Kişilər arasında 71 kq çəki dərəcəsində də azərbaycanlı Murad Əliyev (Murmansk) qalib gəlib.