Ağırlıqaldıranlar Azərbaycan çempionatında bir araya gəliblər

Ağırlıqaldıranlar Azərbaycan çempionatında bir araya gəliblər

Aprelin 28-29-da Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayıb. Çempionatın təşkilində əsas məqsəd ağırlıqqaldırma idman növünün təbliği, idmançıların ustalıq səviyyəsinin artırılması, kişilərdən və qadınlardan ibarət yığmaların tərkibinin müəyyənləşdirilməsi, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyıb.

Qedy edək ki, yarışın keçirildiyi günlərdə İrəvanda keçirilən Avropa çempionatında qazandıqları qələbələrini Azərbaycana həsr edən türkiyəli ağırlıqqaldıranlar Azərbaycan çempionatının qonağı olublar. Qonaqlar ölkə çempionatını tribunadan izləyiblər. Onlar tamaşaçıların coşqulu qarşılaması və alqışları ilə qarşılanıb, böyük dəstək alıblar. Maraqlı mübarizə şəraitində keçən yarışdan razı qalan türkiyəli qonaqlar, təşkilatçılıqdan məmnunluğunu bildirib, turnirin Avropa standartları ilə keçirildiyini qeyd ediblər. Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü 67 kq çəki dərəcəsində medal qazanan atletlərin mükafatlandırma mərasimində iştirak edib, qalib Tehran Məmmədovun qızıl medalını təqdim edib.

Sonda Azərbaycan Ağır Atletika Federasiyası tərəfindən idmançılar və federasiya nümayəndələrinə xatirə hədiyyələri təqdim edilib. Türkiyə Ağır Atletika Federasiyası da öz növbəsində qarşı tərəfə xatirə plaketləri təqdim edib.

 

 

Ağırlıqaldıranlar Azərbaycan çempionatında bir araya gəliblər