İyunun 17-25-də Almaniyanın paytaxtı Berlində 190 ölkədən 7 min xüsusi Olimpiyaçının iştirakı ilə 26 idman növü üzrə Ümumdünya Xüsusi Yay Olimpiya Oyunları keçiriləcək. Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq Oyunlarda ölkəmizi bədii gimnast Mehriban Tağıyeva təmsil edəcək. İdmançımız ayrı-ayrı alətlər (top, halqa, gürzlər, lent) və çoxnövçülük proqramında bacarığını nümayiş etdirəcək.
İyunun 10-da Milli Gimnastika Arenasında idmançımızın yarışqabağı yoxlama məşqi keçirilib. Media nümayəndələri üçün açıq olan məşqdə gimnast yarış proqramını nümayiş etdirib.
Xatırladaq ki, ölkəmizdə 2017-ci ildən etibarən gimnastika üzrə Xüsusi Olimpiya proqramı tədris olunur. Ötən ilin oktyabr ayında Azərbaycan Gimnastika Federasiyası tərəfindən ölkəmizə dəvət olunmuş yunanıstanlı mütəxəssis Sofiya Bura Xüsusi Olimpiya üzrə məşqçilik və hakimlik kursları keçib.