Ölkəmizdə idman yüksək səviyyədə inkişaf edib. İdmanın inkişafı və bədən tərbiyəsinin kütləviləşməsi istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər öz bəhrəsini verməkdədir. İdmançılarımız mötəbər yarışlarda əldə etdikləri qələbələrlə onlara bəslənilən etimadı doğruldurlar. İndi beynəlxalq idman aləmində respublikamızın böyük nüfuzu var.
Olimpiya oyunlarında və müxtəlif beynəlxalq səviyyəli yarışlarda idmançılarımızın əldə etdikləri uğurlar, ölkəmizin ev sahibliyi etdiyi nüfuzlu yarışlar onu göstərir ki, Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Bütün bunlar ölkədə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı sayəsində mümkün olub. 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkə idmanının intbah dövrü başladı. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında surətlə inkişaf edən ölkə idmanı özünün ən yüksək zirvəsinə ucalıb. İdmançılarımızın məşq etmələri üçün hər cür şərait yaradılıb, paytaxtımızla yanaşı, bölgələrdə də Olimpiya idman kompleksləri, idman qurğuları tikilib istifadəyə verilib. İdmanın inkişafına təsir edən başlıca amillərdən biri də məhz bu sahədə kütləviliyin təmin olunmasıdır. Dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda bu sahədə aparılan işi yüksək qiymətləndirmək olar. Belə ki, ölkəmizdə idmana dövlət səviyyəsində diqqət və qayğı göstərilməyə başladığı dövrdən idmanın, paytaxtla yanaşı, respublikamızın bölgələrində də inkişaf etdirilməsinə xüsusi diqqət yetirildi. Ölkəmizdə maddi-texniki bazasının gücləndirilməsi, ölkə idmanında kütləviliyinin təmin edilməsi məqsədilə geniş tikinti-quruculuq işləri aparılmağa başlandı. Bu sahənin daha da inkişafı üçün Bakıda, o cümlədən bir çox rayon və şəhərlərdə Olimpiya idman komplekslərinin inşasına start verildi. Fərəhlə qeyd etmək lazımdır ki, məqsədyönlü fəaliyyət, görülən işlər öz bəhrəsini verir. Bu gün paytaxtla yanaşı, respublikamızın ayrı-ayrı regionlarında 42 Olimpiya idman kompleksi tikilərək idmançıların ixtiyarına verilib. Bu, idmanda kütləviliyi təmin etməklə yanaşı, gənc idmançılarımızın yetişdirilməsində mühüm vasitələrdən biridir.
Ölkə idmanına öz töhfəsini verən idman klublarından biri də "Araz” idman klubudur. Klubun üzvləri ölkəmizin idman şərəfini beynəlxalq arenalarda layiqincə qoruyurlar. Burada karatenin kontakt və yarım-kontakt növləri üzrə xeyli idmançı məşq edir. Klubun idmançıları dünya və Avropa çempionatları kimi yarışlarda fərqlənirlər.
Artıq bir müddətdir ki, Abşeron rayonunun Masazır qəsəbəsindəki məcburi köçkün ailələri üçün salınmış yeni məhəllədə klubun zalı fəaliyyət göstərir. Qeyd edək ki, aprelin 1-də yeni məhəllənin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdi. Mərasimdə "Araz” İK-nın idmançıları nümunəvi çıxışlar göstərmişdilər.
Qeyd edək ki, yeni açılmış zalda karate ilə yanaşı, güləş, cüdo və digər əlbəyaxa döyüş növləri də tədris olunur. Yaradılan şəraitin nəticəsidir ki, idman ocağının yetirmələri yüksək nailiyyətlər qazanırlar. "Araz” idman klubunun direktoru və bölmənin karate üzrə məşqçisi Siyavuş Bayramov klubun yeni açılmış zalı barədə qəzetimizə məlumat verdi. "”Araz” İK-nın Xətai rayonunda və Razin qəsəbəsində iki zalı fəaliyyət göstərir. Masazır qəsəbəsində isə bu il yeni zal istifadəyə verildi. Müasir standartlara cavab verən zalda idmançıların məşq etmələri üçün bütün şərait yaradılıb. Tatami ilə döşənmiş karate zalında kanat, idman avadanlıqları, geyinib-soyunma otaqları yüksək səviyyədədir. Bu bölmədə məşq edən yetirmələrim arasında fəal idmançılar var. Onlardan Əli İsmayılov, Nihad Sadıqzadə, Xasay Məhərrəmov, Fəridə Məmmədova, Şəbnəm Aslanova, İqbal Məmmədzadənin adlarını qeyd edə bilərəm. Bugünlərdə idmançılarımız ilk sınaq yarışında qüvvələrini sınayacaqlar. Ölkəmizdə bu cür idman ocaqlarının inşası gənclərimizin fiziki və mənəvi sağlamlığının qorunmasına xidmət edir. Bu gün respublikamızda idmana dövlət səviyyəsində yüksək səviyyəli diqqət və qayğı göstərilir. Bu sahəyə göstərilən dövlət qayğısı idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin bu sahəyə cəlb edilməsinə, onların sağlam ruhda tərbiyə olunmasına şərait yaradır. Qeyd edim ki, "Araz” İK-nın idmançıları builki yarışlarda fərqləniblər. Bu ilin 6 ayı ərzində idmançılarımız 8 yarışda iştirak ediblər. Bu yarışlardan 4-ü beynəlxalq, 4-ü isə ölkədaxili yarış olub. Ümumilikdə bu müddət ərzində klubun təmsilçiləri 53 medala sahib çıxıblar. Onlardan 28-i qızıl, 18-i gümüş, 7-i bürünc medaldır. Gürcüstanda keçirilən "Qafqaz kuboku” yarışında "Araz”İK-nın yetirməsi Ələkbər Abdullayev erməni rəqibi üzərində qələbə qazanaraq qızıl medal əldə edib”.
Qeyd edək ki, klubda fiziki qüsuru olan idmançılar da məşq edirlər. Belə idmançılardan biri də Sarvan Məmmədovdur. Sarvan Məmmədov bu il Qazaxda keçirilən turnirdə fərqlənərək qızıl medal qazanıb. Klubun idmançıları uğurlarını artırmaqda davam edirlər. İnanıram ki, yeni açılmış bölmədə də gələcəkdə istedadlı və ölkəmizin idman şərəfini dünyada layiqincə qoruyacaq idmançılar yetişəcəklər”.
Aysel Sultanova