Oktyabrın 25-də Bakıda Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş qarışıq döyüş növləri üzrə dünya çempionatının qalibi Etiqad Atakişiyev və gümüş medalın sahibi Zaur Hacıbabayevin iştirakı ilə yarışın yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Tədbirdə Azərbaycan MMA Liqasının fəxri prezidenti Rövşən Həsənov ölkəmizdə yeni yaranan MMA Liqasının ilk rəsmi dünya çempionatından iki medalla qayıtmasını yüksək nəticə kimi qiymətləndirib. Qeyd olunub ki, qarışıq döyüş növləri üzrə ilk rəsmi dünya çempionatında Etiqad Atakişiyev 70,3 kiloqrama qədər kateqoriyada finalda Ukrayna idmançısı Oleq Xaçaturova qalib gəlib. Zaur Hacıbabayev isə 93 kq-dan yuxarı çəkidə finalda rus idmançısı Znaur Xetaqurova uduzaraq gümüş medalla kifayətlənib. Azərbaycan MMA Liqasının prezidenti Kənan Məmmədov bildirib ki, Sankt-Peterburqda əldə olunan bu yüksək nəticə dövlətimizin başçısı İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir: "Azərbaycan artıq idman ölkəsinə çevrilib. Ölkəmizin hər bir sahədə olduğu kimi, bu sahədə də uğurları davamlı surətdə artmaqdadır”. "Naxçıvan” döyüş klubunun prezidenti Himalay Əliyev diqqətə çatdırıb ki, artıq klubun mindən çox üzvü var. "Çempionatda qızıl medala sahib olmuş Etiqad Atakişiyev klubun üzvləri üçün qürur mənbəyidir. Yarışlarda iştirak etməkdə əsas məqsədimiz dünya arenasında Azərbaycanın dövlət himninin səslənməsi və bayrağımızın ucalmasıdır”, - deyə o əlavə edib.
Daha sonra qaliblər Etiqad Atakişiyev və Zaur Hacıbabayev dünya çempionatı ilə bağlı təəssüratlarını bölüşüblər.
Azərbaycan MMA Liqasının komandasının baş məşqçisi Ceyhun Abbasov bildirib ki, komanda artıq üç mötəbər yarışda iştirak etmişdir: "İki il çox az müddətdir, lakin bu qısa zaman kəsiyində bu növdə döyüşən idmançılarımız böyük uğurlara imza atıblar”. Çıxış edənlər idmançılarımızı qələbə münasibətilə təbrik etmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Sonda tədbir iştirakçıları KİV nümayəndələrinin suallarını cavablandırıblar. Azərbaycanda idmana göstərilən diqqəti, eyni zamanda, yerli MMA Liqasının fəaliyyətini yüksək qiymətləndirən Ümumdünya Qarışıq Döyüş Növləri Assosiasiyası ilin son mötəbər yarışını keçirməyi Azərbaycan MMA Liqasına həvalə etmək niyyətindədir. Azərbaycan MMA Liqasının fəxri prezidenti Rövşən Həsənov bildirmişdir ki, qarışıq döyüş növləri üzrə Dünya kubokunun son mərhələsi bu ilin dekabrında baş tutacaqdır. Yarışda çoxlu sayda əcnəbi idmançılar iştirak edəcəklər.