Qarışıq döyüş növlərində məşhur olan rusiyalı idmançı Aleksandr Yemelyanko yenidən diqqət mərkəzinə düşüb: kafelərin birində dava saldığı üçün. Yayılan məlumatlara görə, 32 yaşlı təcrübəli döyüşçü Moskvada kafelərin birində bir nəfəri bərk döyüb. "Yemelyanko kafedə olarkən bir qrup şəxslə mübahisəsi düşüb. Nəticədə, dava başlayıb və o, bir nəfəri möhkəm döyüb. Döyülən şəxs xəstəxanaya aparılıb”, - deyə Rusiyanın hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilir. Xatırladaq ki, qarışıq döyüş növləri üzrə dünya çempionu Aleksandr Yemelyankonun adı artıq neçənci dəfədir ki, qalmaqalda hallanır. O, keçən il Moskva-Barnaul reysi ilə uçarkən təyyarədə dava salmışdı. Məlumat üçün deyək ki, rusiyalı dünya çempionu növbəti döyüşünə noyabrın 8-də çıxacaq. O, Mirko Filippoviçlə qarşılaşacaq.