Yürüşçü dostların həyatı “Yürüş” filmində

Yürüşçü dostların həyatı “Yürüş” filmində

Buyaxınlarda "Yürüş” ("Rush”) adlı yeni filmin nümayişinə başlanılacaq. Bu film pilotlar, eyni zamanda sadiq dostlar Niki Lauda və Ceyms Hantın həyatından bəhs edir. Bu pilotların həyatları maraqlı anlarla zəngindir və həmin anların bir hissəsini oxuculara təqdim edirik.

Niki Lauda

Əfsanəvi pilot Avstriyada bankir ailəsində doğulub. Valideynləri Nikinin avtoidmanla məşğul olmasının əleyhinə olublar. Bu məsələ evdə tez-tez narazılıqlar yaradırdı. Maşınlara olan həvəsi gənc Nikinin öz yaxınları ilə dalaşmasına səbəb oldu və o, öz doğma evini tərk etməli oldu. Lauda "March” komandası ("Formula-1”) ilə danışıqlar aparsa da, komandanın heyətinə qəbul olunmaq asan deyildi: Bunun üçün pul lazım idi. Şansını əldən vermək istəməyən Lauda bankların birində yüksək məbləğdə kredit götürüb. Gənc avstriyalı "Formula-1” yürüşlərində iştirak etmək arzusu ilə yaşayırdı. Buna görə də "March” komandasından ayrılan Lauda ikinci dəfə bankdan kredit götürürək digər komandada - BRM-də yer alıb. Məhz bu komandanın heyətində o, özünü pilot kimi göstərə bilib. Bir ildən sonra BRM rəhbərliyi Lauda ilə daha 2 illik müqavilə bağlamaq istəyib. Gənc, lakin bacarıqlı pilot isə, əvəzində banklara olan kredit borcunun ödənilməsi təklifini irəli sürüb. Parlaq gələcəyi olan pilotu əldən vermək istəməyən komanda rəhbərliyi Laudanın bu təklifini qəbul edib. Lakin "Formula-1” yarışlarında zirvələrə can atan avstriyalı qısa müddətdən sonra ən samballı komandalardan biri olan "Ferrari” ilə razılığa gəlib. Razılıq əsasında "Ferrari” komandası Niki Laudanın BRM-ə olan borclarını ödəyib. Beləliklə, pilot olmaq istəyi ilə valideynlərindən üz döndərən Niki Lauda özünə yeni klub tapıb, həm də bütün borclarından azad olub.

"Ferrari”yə keçən Niki sübut edib ki, o, bu komandada yer alan məşhur pilotlara "yuxarıdan aşağı” baxa bilmək iqtidarındadır. Elə ilk test yarışlarından sonra məşhur pilot Enço Ferrari ilə söhbət edən Lauda İtaliya komandasının bolidlərini sınıq-salxaq arabaya bənzədib.
1976-cı ildə yürüş zamanı ağır zədə almasına baxmayaraq Niki Lauda mövsümün sounadək yenidən yarışlara qoşulub. Bədənində ciddi yanıqların əmələ gəlməsi və bir neçə dəfə cərahhi əməliyyat olunması belə onu turnirlərdən saxlaya bilməyib. Bacarıqlı pilot cəmi 42 gündən sonra yarışlara qatılmaqla hamını heyrətləndirib.

Niki Lauda qələbəyə görə verilən kuboklara və mükafatlara o qədər də maraq göstərməyib. Məsələn, 1975-ci ildə "Ferrari”nin heyətində qazandığı ilk çempionluqdan sonra ona verilən kubokları maşın təmiri sexinə bağışlayıb. Əvəzində isə, həmin sex Nikinin avtomobilini pulsuz yumağı öz üzərinə götürüb.
Məşhur pilotun başına qoyduğu beysbol papağı, ilk baxışda, adi bir geyim əşyasıdır. Amma bu papaq Laudanın, az qala vizit kartına, eyni zamanda, gəlir mənbəyinə çevrilib. Hər yerdə beysbol papağı ilə görünən və onu reklam edən Laudaya sponsorlar külli miqdarda pul ödəyiblər.



Ceyms Hant

"Yürüş” filminin digər qəhrəmanı Ceyms Hant öz dövrünün hay-küylü, daim mətbuatın diqqətində olan bir pilot idi.
Maraqlıdır ki, Niki Lauda ilə Ceyms Hant karyeralarının ilk vaxtlarında Londonda birotaqlı mənzildə kirayə qalıblar. Onlar həm də yaxın dost olublar.
Hant 1993-cü ildə 45 yaşında dünyasını dəyişib. Amma əfsanəvi pilot bu gün də yaddaşlarda yaşayır. Lakin Ceymsi xatirələrdə yaşadan yürüşlərdə göstərdiyi nəticələr deyil, qeyri-ənənvi hərəkətləridir. Belə ki, o, boliddən çıxan kimi siqaret çəkir, narkotik qəbul edirdi. Qadınlara olan münasibəti isə, daim diqqət mərkəzində olmasına şərait yaradırdı. 1976-cı ildə Yaponiyada keçirilən Qran-pri yarışlarından bir həftə əvvəl Ceyms yalnız əyləncə ilə məşğul olub. Komandanın çempionluğu münasibətilə Böyük Britaniya səfirliyində təşkil olunan qəbula gələn Hant o qədər sərxoş olub ki, onu qəbula buraxmayıblar.
Əgər Niki Laudanın "vizit kartı” onun papağı sayılırdısa, Ceyms Hant öz şleminin dizaynı ilə məşhur idi. Hantın şlemi bu cür bəzədilmişdi: qara fonun üzərində göy, yaşıl və qırmızı xətlər çəkilmiş, həmçinin pilotun adı qeyd olunmuşdu. 2007-ci ilin dünya çempionu, Ceyms Hanta xüsusi rəğbətlə yanaşan Kimi Raykonen də öz şlemini 2 dəfə Hantın dizaynı əsasında bəzəmiş və bundan narazı qalan "Formula-1”in rəhbəri Berni Ekklstounla mübahisə etmişdi.
İdman karyerasını başa çatdırdıqdan sonra Ceyms BBC kanalında şərhçi kimi fəaliyyət göstərib. Maraqlıdır ki, əfsanəvi pilotun şərhçiliyi də qeyri-adi olub. Məsələn, bəzi pilotları "axmaq” adlandırmaq, efirdə söyüş söymək Hant üçün adi bir iş idi.
İki dəfə ailə quran Ceyms Hant üçüncü dəfə evlənməyə hazırlaşırdı. Lakin sevgilisi Helen Caysona evlənmək təklifi edən pilot bir neçə saat sonra dünyasını dəyişib. Niki Laudanın dostu Ceyms Hant barədə dediklərindən: "Biz səmimi, mehriban dost, həm də prinsipial rəqib idik. Yürüş zamanı şosedə onunla yan-yana, az qala 2 sm məsafədə bolid sürmək, 300 km bu cür hərəkət etmək mümkün idi. Bilirdin ki, Ceyms tərəfdən heç bir təhlükə olmayacaq. Hesab edirəm ki, Ceyms Hant bütün dövrlərin ən yaxşı pilotu sayıla bilər”.
Hazırladı:
Hürrü Abdullayev