Oktyabrın 21-22-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə trek velosipedi üzrə mövsümün bağlanış yarışı keçirilib. Respublika Velotrekində keçirilən yarışda 2006-cı il və daha böyük (15 nəfər), 2007-2009-cu il (52 nəfər), 2010-2011-ci il (24 nəfər) təvəllüdlü oğlanlar, həmçinin bütün yaş kateqoriyalarında qadınlar (11 nəfər) iştirak ediblər. Turnirin birinci günündə idmançılar QİT-200 m, ikinci günündə isə 2006-cı il təvəllüdlü və daha böyük oğlanlar QİT-1000 m, digər bütün velosipedçilər QİT-500 m növündə mübarizə aparıblar. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın nəticələrinə görə, QİT-200 m növü üzrə 2006-cı il təvəllüdlü və daha böyük oğlanlar arasında Nofəl Nuriyev (ROEQİUGVM, 11.94), 2007-2009-cu il təvəllüdlü oğlanların mübarizəsində Ravi Rzayev (ROEQİUGVM, 12.39), 2010-2011-ci il təvəllüdlü oğlanların yarışında Ümid İsmayılov (ROEQİUGVM, 14.77), qadınlar arasında isə Lalə Əbdürəhmanova (ROEQİUGVM, 15.15) ən yaxşı göstəricilərə imza ataraq birinci yerə layiq görülüblər.
QİT-500 m növü üzrə 2007-2009-cu il təvəllüdlü oğlanların mübarizəsində yenidən Ravi Rzayev (ROEQİUGVM, 38.13), 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında Mirzə Qəmbərov (ROEQİUGVM, 45.00), qadınların yarışında isə İradə Əbdürəhmanova (Təhsil RİM, 45.34) bütün rəqiblərindən üstün olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. QİT-1000 m növündə mübarizə aparan 2006-cı il təvəllüdlü və daha böyük oğlanlar arasında isə Tural İsrafilov (ROEQİUGVM, 1.14.91) birincilik sevinci yaşayıb.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.