Karateçilərimiz dünya çempionatında 1 gümüş, 1 bürünc medal qazanıblar
İspaniyanın Quadalaxara şəhərində yeniyetmə və gənclər arasında karate üzrə 8-ci dünya çempionatı keçirilib. Yarış Azərbaycan karateçiləri üçün uğurlu olub. 18-20 yaşlı gənclərin yarışında Tural Ağalarzadə (-68 kq) gümüş, 15 yaşınadək qızlar arasında Fəridə Əliyeva (+54 kq) bürünc medala layiq görülüb. 6 döyüş keçirən T. Ağalarzadə (-68 kq) bir-birinin ardınca Fiji, Argentina, Meksika, Bosniya-Hersoqovina təmsilçilərinə qalib gəlib. Yarımfinalda isə idmançımız Yaponiya karateçisini məğlub edib. Həlledici döyüşdə o fransalı rəqibinə məğlub olaraq dünya çempionatının ikincisi olub. Yarışın sonuncu günü Fəridə Əliyeva (+54 kq) 15 yaşınadək qızlar arasında bürünc mükafata sahib olub. Mübarizəyə 1/16 finaldan başlayan idmançımız portuqaliyalı rəqibinə 3:0 hesabı ilə qalib gəlsə də, növbəti döyüşdə almaniyalı dünya çempionuna 2:4 hesabı ilə məğlub olub. Bürünc medal döyüşlərinə qatılan karateçimiz bu şansı əldən verməyib. Əvvəlcə İspaniya idmançına 6:1, ardından iranlı rəqibinə 8:0 hesabı ilə qalib gələn idmançımız növbəti mərhələdə Yaponiya karateçisinə 4:2 hesabı ilə məğlub edərək yeniyetmələr arasında dünya üçüncüsü olub.
18-20 yaşlılıar arasında çıxış edən daha bir idmançımız Şahin Quluzadə (-78 kq) isə Almaniya, Polşa və Xorvatiya idmançılarına qalib gələrək bürünc medala yaxın olub. Amma sonra Türkiyə təmsilçisinə uduzub.
Komandamızın digər üzvlərinə gəlincə, + 78 kq çəki dərəcəsində mübarizə aparan Pənah Abdullayev rumıniyalı idmançını udsa da, növbəti görüşdə polşalı rəqibinə məlğub olub. 21 yaşınadək idmançıların fərdi kata yarışlarında təəssüf ki, Tural Balcanlı da mükafatçılar sırasına düşə bilməyib. Yarışın növbəti günündə 21 yaşadək qız və oğlan karateçilərin kata və kumite yarışlarında fərqlənən idmançılar müəyyənləşiblər. Xatırladaq ki, İspaniyanın Quadalhara şəhərində keçirilən 8-ci dünya çempionatında kata və kumite üzrə 13 nəfərdən ibarət milli komandamız təmsil edir.