Noyabrın 24-də Bakıda «Baku World Challence» yarışı çərçivəsində dünya səviyyəli idman şousu - klassik «Formula-1» avtomobillərinin yarışı keçirilib.
«Baku World Challence» final yarışlarından əvvəl keçmiş «Formula-1»in pilotları Azərbaycan paytaxtında özlərini «Porsche 911 GT3-R» avtomobillərində sınamışdılar. Avtoralli Bakıda uzunluğu 4 km olan, Dövlət Bayraq Meydanından dəniz sahili boyunca xüsusi hazırlanmış yolda keçirilib. Yarışda iştirak edən 1970 və 1980-ci illərin bolidləri tamaşaçıları heyran edib.
Qeyd edək yarışda 14 beynəlxalq komanda, və 30 yarış avtomobili iştirak edib. «Ferrari», «Mclaren», «Audi», «Mersedes», «Corvette», «Lamborghini», «Porsche», «Nissan» markalı avtomobillər final mərhələsində birinci yer uğrunda mübarizə aparıblar. İlk əvvəl starta təsnifat yarışında ilk dörd yeri qazanan avtomobillər çıxıb. Bunlar WRT, Sebastyan Loeb Racing, BMW Sports Trophy, HTP Gravity Charouz komandalarının müvafiq olaraq - Audi R8, Mercedes SLS AMG, Ferrari 458, McLaren MP-4 avtomobilləri olub.
Beləliklə, Bakıda keçirilən «Baku World Challence» avtomobil yarışlarının nəticələrinə görə I yerə Belçikanın «Audi Club» komandasının «Audi R8» bolidində mübarizə aparan Laurens Vantur və Stefan Ortelli layiq görülüblər. Yarışda II yeri Fransanın «Hexis Racing» komandasının «McLaren»dəki pilotları Kevin Estre və Rob Belle tutublar. Almaniyanın «HTP Gravity Charouz» komandasından «Mersedes»in sürücüləri Alon Day və Maksimilian Buhk isə III yerlə kifayətləniblər.