Dünya çempionatında möhtəşəm qələbə

Dünya çempionatında möhtəşəm qələbə



Noyabrın 11-17-də Rusiyanın Medin şəhərində universal döyüş üzrə kişilər və qadınlar arasında dünya çempionatı keçirilib. Layt və klassik versiyaları üzrə keçirilən yarışda 37 ölkədən 312 idmançı qüvvəsini sınayıb. Yarışda ölkəmiz Azərbycan Universal Döyüş Federasiyasının prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının I vitse-prezidenti Azər Həsənovun və yığma komandanın baş məşqçisi Elşən İsmayılovun rəhbərliyi altında 14 idmançı (10 kişi, 4 qadın) ilə təmsil olunub. İdmançılarımız uğurla çıxış edərək vətənə 4 qızıl, 2 gümüş və 6 bürünc medalla dönüblər. Təmsilçilərimizdən Orxan Qurbanov (70 kq, layt), Nicat Əliyev (80 kq, klassik), Muradxan Fərzəliyev (85 kq, layt), Tahir Məsimov (90 kq, layt) bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıblar. Səlim Salmanov (80 kq, layt), Gülnar Gülməmmədova (57 kq, klassik) gümüş medala yiyələniblər. Afaq Cavadova (48 kq, layt), Sahil Namazov (75 kq, layt), Namiq Məmmədzadə (75 kq, klassik), Məhərrəm Məmmədov (90 kq, klassik), Sahib Əliyev (95 kq, klassik), Qəzənfər Namazov (95 kq, layt) isə bürünc medala sahib çıxıblar. Komandanın dünya çempionatında çıxışı ilə bağlı təəssüratlarını bizimlə bölüşən yığmanın məşqçisi Elşən İsmayılov qeyd etdi ki, Medində əldə olunan uğur universal döyüşçülərimizin indiyədək dünya çempionatında qazandıqları ən yüksək nəticədir: "Çempionat yüksək səviyyədə keçdi. Mən yarışda həm də ölkəmizi hakim kimi təmsil edirdim. Məlumat üçün bildirim ki, yarışı 22 hakim idarə edirdi. İdmançılarımız onlara bəslənilən ümidləri doğrultdular. Dünya çempionatına hazırlıq məqsədilə döyüşçülərimiz iki aydan çox idi ki, təlim-məşq toplanışlarına cəlb olunmuşdular. İlk təlim məşqi Qusarda keçdik. 14 günlük təlim-məşq prosesi idmançıların ümumi fiziki hazırlığına yönəlmişdi. Daha sonra komandamızın üzvləri Gürcüstanda təlim-məşqlərə qatıldılar. Paytaxta döndükdən sonra "İnter”PİK-in təlim-məşq bazasında hazırlıqları davam etdirdik. Dünya çempionatı ərəfəsində sonuncu təlim-məşq toplanışını federasiyanın Tofiq Bəhramov adına Respublika stadionunda yerləşən mərkəzi zalında keçdik. İdmançıların yarışa hazırlığı yüksək səviyyədə idi. Əsas ümidləri komandamızın üzvləri Orxan Qurbanov və Nicat Əliyevə bəsləyirdik. İyulda Ukraynada keçirilən Avropa çempionatında Orxan ikinci, Nicat isə üçüncü olsa da, təlim-məşqlərdə bu idmançılar yüksək hazırlığı ilə diqqəti cəlb edirdi. Bildiyiniz kimi, dünya çempionatına hər ölkənin ən güclü idmançılar qatılırlar. Budəfəki yarışda da dəfələrlə dünya və Avropa çempionları iştirak edirdilər. Yarışda əsas rəqabət Rusiya, Rumıniya, Özbəkistan, Ukrayna, Bolqarıstan idmançıları arasında getdi”.
Məşqçi idmançıların çıxışları barədə də məlumat verdi: "Orxan ilk döyüşdə rumıniyalı Avropa və dünya mükafatçısını qalib gəldi. Görüş gərgin keçdi. İkinci görüşdə idmançımız tacikistanlı Avropa və dünya çempionu üzərində inamlı qələbə qazandı. Orxan yarımfinalda özbəkistanlı ikiqat Avropa və dünya çempionu ilə üz-üzə gəldi. İdmançımız rəqibini texniki fəndlə təmiz qələbə ilə məğlub etdi. Orxan finalda bu il keçirilən Avropa çempionatında məğlub olduğu rusiyalı rəqibi Sergey Meşeryakovla üzləşdi. Döyüşçümüz yarışa psixoloji cəhətdən yaxşı hazırlaşmışdı. Xatırladım ki, Orxan Rusiya təmsilçisinə Avropa çempionatında 1 xal fərqi ilə uduzmuşdu. Dünya çempionatında yüksək texniki, psixoloji və fiziki hazırlığı ona kömək oldu və idmançımız rəqibinə 3:2 hesabı ilə qalib gələrək dünya çempionu adını qazandı. Komandamızın qızıl medal qazanan üzvü Nicat Əliyev 5 dəfə yeniyetmə və gənclər, 1 dəfə kişilər arasında Avropa çempionu olub. O, 4 dəfə yeniyetmə və gənclər arasında dünya birinciliyinin qalibi adını qazanıb. Bu, Nicatın kişilər arasında iştirak etdiyi birinci dünya çempionatı idi. O, gənclərdən böyüklərə yenicə keçməsinə baxmayaraq, dünya çempionatında yüksək səviyyəli çıxış nümayiş etdirdi. Yüksək psixoloji hazırlığa malik olan Nicat özündən qat-qat təcrübəli rəqibləri üzərində inamla qələbə qazandı. Biz 20 yaşlı idmançımızı yarışın ilk günündən fəxri kürsünün ən yüksək pilləsində görürdük”. Nicat Əliyevin yarışdakı rəqibləri dəfələrlə dünya və Avropa çempionları olublar. Nicat ilk görüşünü Finlandiya təmsilçisinə qarşı keçirib. Onun ilk görüşündən göstərdiyi əzmkarlıqdan sonra rəqibləri Nicatı güclü rəqib kimi görməyə başlayıblar. İkinci görüşdə yığmamızın gənc üzvü Ukrayna idmançısına ağrıdıcı fəndlə tam üstünlüklə qalib gəlib. Yarımfinalda isə Özbəkistan idmançısını məğlubiyyətə uğradıb. Nicat həlledici qarşılaşmada əslən dağıstandan olan Rusiya təmsilçisi üçqat Avropa, ikiqat dünya çempionu Tahir Məlikovla üzləşməli idi. Qarşılaşmanın ilk raundunda rəqib ciddi zədələndiyindən həkimlər onun döyüşə çıxmasına icazə verməyiblər. Beləliklə, Nicat komandaya daha bir qızıl medal qazandırıb. Komandamızın çempion olan üzvü Muradxan Fərzəliyev finala kimi dörd görüş keçirib. O, finaladək belarus, litva, finalda isə rusiya idançısılarını məğlubiyyətə uğradır. Tahir Məsimovisə Özbəkistan, Ukrayna, finalda isə Rusiya idmançısını məğlubiyyətə uğratdı. Dünya çempionatında zərif cinsin nümayəndələri də yaxşı çıxış ediblər. Gülnar Gülməmmədova finalda Rusiya idmançısına uduzaraq gümüş medal qazanıb. Xatırladaq ki, Rusiyanın Medin şəhərində keçirilən ötənilki dünya çempionatında 1 qızıl medal əldə olunmuşdu. Qeyd edək ki, indiyədək universal döyüşçülərimiz dünya çempionatında belə yüksək uğur əldə etməmişdilər. "Son 14 il ərzində ölkəmizdə universal döyüş üzrə klassik versiyada cəmi üç dünya çempionu olub. Bunlar Sənan Dünyamalıyev, Xəyyam Səfixanov və budəfəki dünya çempionatının qalibi Nicat Əliyevdir. Layt versiyası üzrə ilk dünya çempionu adını isə Orxan Qurbanov qazanıb. Medində iki yetirməm dünya çempionu adını qazandığına görə beynəlxalq federasiya tərəfindən "Ən yaxşı məşqçi” diplomuna layiq görüldüm. Fürsətdən istifadə edib, yarışlarda iştirakımızda bizə göstərdikləri dəstəyə görə Azərbaycan Gənclər və İdman Nazirliyinə, eləcə də Azərbaycan Universal Döyüş Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm”, - deyə Elşən İsmayılov əlavə etdi.