Noyabrın 23-24-də "ABU-Arena”da kyokuşinkaykan karate üzrə IV dünya çempionatı keçirilib. 28 ölkədən 157 idmançının qatıldığı bu yarışda Azərbaycan 50 karateçi ilə təmsil olunub. Dünya çempionatının açılış mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Kyokişinkaykan Karate Federasiyasının və Beynəlxalq Kyokişinkay Federasiyasının prezedenti Teyyub Əzizov və digər qonaqlar iştirak ediblər. Çıxış edən natiqlər ölkəmizdə idmanın sürətli inkişafından, bu sahəyə göstərilən qayğıdan söz açıblar. Bildirilib ki, ölkəmizdə idmanın istər Olimpiya, istər də qeyri-Olimpiya növlərinə böyük diqqət ayrılır. Məhz bunun nəticəsidir ki, atletlərimiz ildən-ilə beynəlxalq yarışlarda əldən olunan medalların sayını artırırlar. Açılış mərasimində qeyd edilib ki, artıq Azərbaycan beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün ən etibarlı və layiqli ölkələrdən sayılır.
Çıxışlar başa çatdıqdan sonra dünya çempionatında yarışlara start verilib. İki gün davam edən mübarizədə ən güclülər müəyyənləşib. Kişilərin mübarizəsində idmançılarımız 7 medal (2 qızıl, 2 gümüş və 3 bürünc) əldə ediblər. Qadınların yarışında isə təmsilçilərimiz 1 qızıl, 2 gümüş və 2 bürüncə yiyələniblər. Komanda hesabında Azərbaycan yığma komandası birinci yerə layiq görülüb. İran yığması ikinci, Rusiya isə üçüncü yeri tutub.
"İdmançılarımızın əldə etdikləri nailiyyətlər məni çox sevindirdi”
Azərbaycan Kyokşinkaykan Karate Federasiyasının prezidenti, 9-cu dan Teyyub Əzizov yarışdan sonra dünya çempionatı barəsində öz fikirləri bildirib. İdmançılarımızın çıxışlarından razı qalan federasiya prezidenti deyib:
"Dünya çempionatı yüksək səviyyədə keçdi. Düzünü desəm, yarışlarda mübarizənin bu cür gərgin və maraqlı keçəcəyini gözləmirdik. Lakin gözlənilənlərin əksi baş verdi. Dünya çempionatında iştirak edən komandalar ən güclü atletlərlə mübarizəyə qoşulmuşdular. Azərbaycan bu yarışda 50 idmançı ilə çıxış edirdi. İdmançılarımızın əldə etdikləri nailiyyətlər məni çox sevindirdi. Qadın karateçilərimiz də onlara bəslənilən ümidləri doğrultdular. Onların arasında Xuraman Yusifovanı xüsusilə qeyd etmək istərdim. Bu idmançımız ikinci dəfə dünya çempionu adını qazandı. Bundan əvvəl o, 2009-cu ildə mütləq çempionatda birinci yerə layiq görülmüşdü. Bu dəfə isə çəki üzrə ikiqat çempion oldu. Bir faktı qeyd edim ki, Xuraman bu uğuru ilə daha bir nailiyyətə imza atdı. O, bu idman növündə yaponiyalı Nakamuranın nəticəsini təkrarladı. Xatırladım ki, "Gündoğar ölkə”nin idmançısı da ikiqat dünya çempionudur”.
Anar Əhmədov