Bugünlərdə İtaliyanın Belqoma şəhərində karate-do üzrə dünya çempionatı keçirilib. 36 ölkədən 1500-ə yaxın idmançının iştirak etdiyi turnirdə Azərbaycan Karate-do Federasiyasının idmançıları da iştirak ediblər. Sevindirici haldır ki, yarışda komandamız 30-a yaxın medal qazanıb. Bunlardan 8-i qızıl, 12-si gümüş, qalanları isə bürüncdür.
Qeyd edək ki, komandamız çox sayda medal əldə etməklə yanaşı, çempionatın kubokuna da sahib olublar. Turnirin ən yüksək pilləsinə əməkdar məşqçi, 7-ci dan, dəfələrlə dünya və Avropa çempionu olan Tale Əkbərov, Sənan Əsədov, Ənvər Məhmədov, Emil Ramazanov, Esmira Əliyeva, Nərmin Camalzadə, Şahin Balayev, Elnur Məmmədov yiyələniblər.
Gərgin keçən yarışdan sonra federasiyanın vitse-prezidenti Tale Əkbərov idmançılarımızın çıxışları ilə bağlı fikirlərini bizimlə bölüşdü: "İdmançılarımız turnirə böyük həvəslə hazırlaşmışdılar. Ümid edirdik ki, vətənimizə medallarla qayıdacağıq. Azərbaycanın bayrağını qaldırmaq, himnimizi səsləndirmək arzumuz idi. Sevindirici haldır ki, karateçilərimiz ümidlərimizi doğrultdular. Çempionatın kubokuna sahib olduğumuza görə də qürur hissi keçiririk. 36 ölkə arasında komandamızın 3-cü yeri qazanması təsadüfi deyil. Çünki idmançılarımızın fiziki hazırlığı qənaətbəxş idi. Bu isə idmançılar üçün ən vacib məqamlardan biridir. Ümid edirik ki, bundan sonra da federasiyamız beynəlxalq turnirlərdə yüksək nailiyyətlər əldə edəcək”.
P.S. Qeyd edək ki, Karate-do Federasiyası 1995-ci ildə yaradılıb. Federasiyanın nəzdində onlarla klub fəaliyyət göstərir. Burada idmançılarla təcrübəli məşqçilər məşğul olurlar. Onlar yerli və beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir, bayrağımızı zirvələrə qaldırırlar. Almaniya, İtaliya, Türkmənistan, Rusiya, Portuqaliya, Vyana, Braziliya, Yaponiya, Kanada, Hindistanda keçirilən beynəlxalq yarışlardan karateçilərimiz vətənə medal və diplomlarla qayıdıblar. Onların arasında dəfələrlə qızıl, gümüş və bürünc medal qazanan idmançılar var. Federasiyanın prezidenti Nurəddin Quliyev, vitse-prezidenti Tale Əkbərov ölkəmizdə karate-do idman növünün inkişafı üçün səylə çalışırlar.
Jalə Rzabəyli