Naxçıvanda Atıcılıq Mərkəzi istifadəyə verilmişdir

Naxçıvanda Atıcılıq Mərkəzi istifadəyə verilmişdir



Dekabrın 7-də Naxçıvan Muxtar Respublikasının Atıcılıq Federasiyasının Atıcılıq Mərkəzi istifadəyə verilmişdir.
Ali Məclisin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Atıcılıq Federasiyasının sədri Asəf Məmmədov tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada uşaq və gənclərin idmanla məşğul olmasına, onların müxtəlif səviyyəli çempionat, turnir və yarışlarda iştirak etməsinə hərtərəfli şərait yaradılmışdır. Bunun sayəsində muxtar respublikada idmanın atıcılıq növü sürətlə inkişaf edir. Naxçıvan şəhərində, Şərur, Culfa və Kəngərli rayonlarında Atıcılıq Federasiyasının müxtəlif atıcılıq idman klubları fəaliyyət göstərir. Bu gün istifadəyə verilən Atıcılıq Mərkəzi gənclərin atıcılıq idman növlərinə marağının artırılmasında mühüm rol oynayacaqdır. Asəf Məmmədov yaradılan şəraitə görə idmançılar adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: "2013-cü il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Atıcılıq Federasiyasının yaradılması qərara alınmışdır. Bundan sonra Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası təsis olunaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qısa müddət ərzində federasiya formalaşmış və fəaliyyəti təmin edilmişdir. Bu gün isə Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının yeni Atıcılıq Mərkəzi istifadəyə verilir”.
Ali Məclisin Sədri bu münasibətlə tədbir iştirakçılarını təbrik etmiş, təşkilatçılara təşəkkürünü bildirmişdir.
Qeyd olunmuşdur ki, bu gün Azərbaycan beynəlxalq idman yarışlarının keçirildiyi bir ölkəyə çevrilmişdir. Son illər Naxçıvan Muxtar Respublikasında da idman infrastrukturunun inkişafı sahəsində ardıcıl tədbirlər görülmüş, idmanın müxtəlif növləri üzrə federasiyalar yaradılmışdır. Artıq muxtar respublikada beynəlxalq yarışlar keçirilir, idmançılarımız ölkə və beynəlxalq əhəmiyyətli turnirlərdə uğurla çıxış edirlər.
Ali Məclisin Sədri demişdir: "Muxtar respublikada idman federasiyaları yaradılarkən onların qarşısında gənc idmançıların yetişdirilməsi ilə yanaşı, idmanın kütləviliyinə nail olmaq da əsas vəzifə kimi qoyulmuşdur. Çünki idmanın kütləviliyinin təmin olunması fiziki cəhətdən sağlam gənc nəslin yetişdirilməsində vacib amildir. Naxçıvan Muxtar Respublikasının Atıcılıq Federasiyasının fəaliyyətə başlaması və onun Atıcılıq Mərkəzinin yaradılması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Mərkəzdə gənclərin idmanın atıcılıq növləri ilə məşğul olmaları üçün hər cür şərait vardır. Burada stend və sportinq atıcılığı ilə yanaşı, əyləncəli idman növlərinə də üstünlük verilmiş, tir, peyntbol və digər sahələr fəaliyyət göstərir. Bu da gənclərin asudə vaxtının səmərəli təşkilinə şərait yaradacaqdır. Eyni zamanda, quraşdırılan müasir avadanlıqlar mərkəzdə beynəlxalq yarışların keçirilməsinə, ərazinin düzgün seçilməsi isə təhlükəsizlik qaydalarına tam əməl edilməsinə imkan verəcəkdir”.

Ali Məclisin Sədri demişdir: "Bu gün Azərbaycan müharibə şəraitində yaşayır. Ona görə də ölkəmizdə, eləcə də muxtar respublikada gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onlara ilkin hərbi vərdişlərin öyrədilməsi və ordu sıralarına hazırlanması vacib məsələdir. Bu baxımdan idmanın atıcılıq növünün inkişafı mühüm əhəmiyyət daşıyır. Atıcılıq Mərkəzində bütün bunlar nəzərə alınmış, hərbi idman oyunlarının və təlimlərinin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Muxtar respublikanın ümumtəhsil məktəblərinin və Heydər Əliyev adına Hərbi Liseyin Atıcılıq Federasiyası ilə əlaqələri genişləndirilməli, təlimlər təşkil edilməli, şagird və kursantlara silahdan istifadə qaydaları öyrədilməli, onların ilkin hərbi hazırlıq səviyyələrinin yüksəldilməsi diqqət mərkəzində saxlanılmalıdır. Qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, hazırda federasiyanın 300-dən artıq üzvü vardır. Atıcılıq Federasiyası bundan sonra da gənclərin idmanın bu növünə marağının artırılması sahəsində fəaliyyətini gücləndirməli, kütləvilik təmin olunmalıdır”.
Ali Məclisin Sədri Atıcılıq Mərkəzinin fəaliyyətə başlaması münasibətilə bir daha kollektivi təbrik etmiş, rəmzi açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, Atıcılıq Mərkəzində inzibati bina, iki stend və sportinq meydançası, oxçuluq və tir sahələri, peyntbol meydançası, hərbi-idman oyunlarının keçirilməsi üçün ərazi vardır. İnzibati binada qeydiyyat, silah otaqları və digər otaqlar yerləşir.
Binanın foyesində quraşdırılan elektron lövhədə Atıcılıq Mərkəzinin təqdimat filmi izlənilmiş və Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının internet saytı haqqında məlumat verilmişdir.
Bildirilmişdir ki, www.naf.nax.az internet saytı 3 dildə hazırlanmışdır. Saytda elektron müraciət bölməsi yaradılmışdır. Bu bölmədə qeydiyyatdan keçməklə Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasına üzv olmaq mümkündür. Üzvlük vəsiqəsi alan hər bir şəxs isə mərkəzdə idmanın bu növü ilə məşğul olmaq və yarışlarda iştirak etmək hüququ qazanır. Həmçinin, üzvlüyü olan perspektivli idmançılara ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirak etmək imkanı yaradılır.

Ali Məclisin Sədri mərkəzdə istifadə olunacaq silah və avadanlıqlara baxmışdır.
Məlumat verilmişdir ki, atıcılığın stend və sportinq növləri ilə məşğul olmaq üçün silahlar, eləcə də qulaqcıq, gözlük və qoruyucu jiletlər alınmışdır. Mərkəzdə silahla davranış qaydalarına və təhlükəsizliyin təmin olunmasına xüsusi fikir verilir. Burada idman silahlarından istifadə etmək üçün xüsusi qaydalar da müəyyən edilmiş, atış meydançalarında stendlər qoyulmuşdur. Təhlükəsizliyin təmin olunması üçün ərazidə müşahidə kameraları və yanğından mühafizə məntəqələri yaradılmışdır.
Stend və sportinq atıcılığı meydançaları bütün texniki inventarlarla təchiz olunmuşdur. Burada beş ayrı nöqtədə uçan hədəf aparatları quraşdırılmışdır. Elektron sistem vasitəsilə idarə olunan aparatlardan saniyədə 15-42 metr sürətlə atılan hədəflərin atış sürəti idmançıların istəyinə uyğun olaraq nizamlanır.
Atıcılıq Mərkəzinin ərazisində idmanın ox atıcılığı növü ilə də məşğul olmaq üçün hədəflər quraşdırılmış, ox və yay alınmışdır. Ox meydançasında atışlar, eyni zamanda, iki xətt üzrə həyata keçiriləcəkdir. Burada tir meydançası da istifadəyə verilmiş, bu məqsədlə silah alınmış, 10 və 25 metrlik məsafələrdə tirlər quraşdırılmışdır. Mərkəzdə eni 54, uzunluğu isə 93 metr olan peyntbol meydançası yaradılmış, ikihissəli 150 yerlik tribuna inşa olunmuşdur. Tribunanın bir hissəsi peyntbol, bir hissəsi isə stend və sportinq yarışlarının izlənilməsi üçün nəzərdə tutulmuşdur.
Ali Məclisin Sədri idmançıların nümunəvi çıxışlarını izləmişdir.
Mərkəzdə hərbi-idman oyunlarının keçirilməsi üçün də şərait yaradılmış, açıq idman qurğuları və müvafiq maneələr düzəldilmişdir. Bu da məktəblilərin ordu sıralarına xidmətə hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin ərazidə müasir işıqlandırma və suvarma sistemləri qurulmuş, geniş yaşıllaşdırma və abadlıq işləri görülmüş, kafe açılmışdır.