Paris-2024 Yay Olimpiya Oyunlarının təşkili üçün ev sahibləri ən yaxşı idman infrasturukturundan yararlanacaq. Hələ Olimpiya oyunlarından əvvəl məşhurluğu ilə diqqət çəkən Versal Sarayı, “Plas-de-La-Konkord” meydanı, III Aleksandra körpüsü, əfsanəvi Joffrua Qişar stadionu da Oyunlar zamanı idmançıların ixtiyarına veriləcək. Təşkilat Komitəsinin olimpiada üçün təqdim etdiyi arenaların əsas hissəsi paytaxt Parisin mərkəzində yerləşir. “Olimpiya dünyası” qəzeti həmin idman qurğuları haqqında ətraflı məlumatı çoxsaylı oxucularına təqdim edir.
“Stad de Frans”
Bu arena paytaxt Parisin şimalında, Sen-Deni şəhərciyində yerləşir. 1998-ci ildə keçirilən futbol üzrə dünya çempionatı üçün xüsusi olaraq inşa edilib. Onun inşası təxminən 285 milyon avroya başa gəlib. Paris-2024-də bu arena atletika, reqbi yarışlarına eləcə də Oyunların bağlanış mərasiminə ev sahibliyi edəcək. “Stad de Frans”ın azarkeş tutumu futbol və reqbi yarışlarında 81 min 338 min, atletika yarışlarında 70 min, bağlanış mərasimi zamanı isə 90 min nəfər olur.
“Esplanada” Əlillər Evi
Paris yaxınlığında yerləşən bu məkan 1687-ci ildə XIV Lüdoviq tərəfindən hərbi hospital kimi inşa edilib. Sonradan veteranlar üçün nəzərdə tutulan bu məkanda Paris-2024 zamanı kamandan oxatma, marafon və velosiped idmanı yarışları təşkil olunacaq. “Esplanada” Əlillər Evinin ətrafında quraşdırılan tribunalar 8 min azarkeş tutumu üçün nəzərdə tutulub.
“Akkor Arena”
Sena çayının sağ sahilində Bersi bulvarının 12-ci dairəsində yerləşən idman konsert kompleksidir. 2014-2015-ci ildə arenada yenidənqurma işləri aparılıb. Paris-2024-də arenada idman və bədii gimnastika, batut, yarışları, eləcə də basketbol yarışlarının finalı keçiriləcək.
Avarçəkmə və slalom kanalı
Avarçəkmə və slalom yarışları üçün nəzərdə tutulan bu kanal İl-de-Frans rayonunda yerləşir. Paris-2024-də bu məkanda akademik avarçəkmə və kanoe (sprint və slolom) yarışları keçiriləcək. Həmin yarışları izləmək üçün 22 min azarkeş nəzərdə tutulub.
“Pari-La-Defans Arena”
Bu idman qurğusu Avropanın çoxfunksiyalı, qapalı stadionlarından biri sayılır. Parisin O-de-Sen rayonunda yeləşən bu arena 2017-ci ilin oktyabr ayında istifadəyə verilib. Arena Paris-2024-də üzgüçülük yarışlarına, eləcə də su polosu üzrə final görüşlərinə ev sahibliyi edəcək. Üzgüçülük və su polosu yarışlarını izləmək üçün 15 min 220 azarkeş nəzərdə tutulub. Ümumilikdə isə kütləvi mədəni tədbirlər zamanı arenaya 40 min azarkeş toplaşa bilir.
“Port-de-la-Şapel Arena”
Müxtəlif məqsədli modul tipli zal La-Şapel rayonunda yerləşir. İdman azarkeşləri buranı daha çox “Adidas Arena” kimi tanıyır. 2020-ci ilin martından inşasına başlayan arenanın açılış mərasimi bu ilin fevral ayında olub. 8 min azarkeş üçün nəzərdə tutulan bu arena badminton və bədii gimnastika yarışlarına ev sahibliyi edəcək.
III Aleksandra körpüsü
Sena çayının üzərində yerləşən bu körpünün uzunluğu 160, eni isə 33 metrdir. Açılış mərasimi üçün nəzərdə tutulan bu körpüdə olimpiadanın keçirildiyi günlərdə triatlon, velosiped idmanı, üzgüçülüyün marafon yarışları təşkil olunacaq. Körpü üzərində quraşdırılan müvəqqəti tribunalarda min nəfər azarkeş toplaşa biləcək.
“Şan-de-Mars Arena”
“Şan-de-Mas Arena” 2021-ci ildən etibarən paytaxt Parisdə quraşdırılan müvəqqəti idman qurğusudur. Paris-2024-də təxminən 9 min azarkeş bu arenada cüdo və güləş üzrə keçirilən yarışları izləyə biləcək.
Qran-Pale (Böyük saray)
Bu saray Sena çayının sağ sahilində yerləşən tarixi bir binadır. 1900-cü ildə açılışı olan sarayda ümumdünya sərgisi təşkil edilib. Hazırda kütləvi mədəni tədbirlər bu məkanda keçirilir. Paris-2024-də təxminən 9 min azarkeş taekvondo və qılıncoynatma yarışlarını izləyəcək.
“Sen-Kanten-An-İvelin” Milli Velodromu
Montini-le-Breton ərazisində yerləşən bu idman qurğusu 2011-2014-cü illərdə inşa edilib. Arenada 2015-2022-ci illərdə trek velosipedi üzrə dünya çempionatı keçirilib. Paris Olimpiadası zamanı 5 min azarkeş trek yarışlarını izləyə biləcək.
“Rolan Qarros” Tennis Kompleksi
Parisin 16-cı dairəsində yerləşən bu məşhur tennis kompleksi Blon meşəsi ətrafında inşa edilib. 1978-ci ildə tikilən kompleks Fransa açıq çempionatına, “Böyük dəbilqə” yarışlarına ev sahibliyi edib. Kompleksin adı məşhur fransalı təyyarəçi Rolan Qarrosun şərəfinə adlandırılıb. Kompleksdə 24 tennis kortu yerləşir. Ölkənin tanınmış tennisçisi və idman jurnalisti olan Flipp Şatrienin adını daşıyan mərkəzi kort 15 min azarkeş, Syuzan Lenqlenin adını daşıyan kort 10 min, Simon Matyenin adını daşıyan “kort nömrə1” isə 3800 tamaşaçı tutumuna malikdir. Paris-2024 zamanı bu kompleksdə tennis yarışları ilə yanaşı, boks üzrə final görüşləri də təşkil olunacaq.
Pari-Nord-Vilpent Konfrans Mərkəzi
1982-ci ildə açılış mərasimi keçirilən sərgi və konfrans mərkəzi Parisin 25 kilometrliyində olan Şarl-de-Qol Hava Limanının yaxınlığında yerləşir. Olimpiya Oyunları zamanı boks üzrə təsnifat yarışları bu mərkəzdə keçiriləcək.
Milli Atıcılıq Mərkəzi
Şator şəhərində yerləşən bu atıcılıq mərkəzi 2016-cı ildə istifadəyə verilib. Bir il sonra bu idman qurğusu atıcılıq üzrə dünya çempionatını qəbul edib. Atıcılıq mərkəzi 2018-ci ildə tamamilə idmançıların ixtiyarına verilib. Qeyd olunduğu kimi, Paris Olimpiadası zamanı mübarizə aparacaq atıcılar məhz bu arenada qüvvəsini sınayacaqlar.
Su İdman Növləri Mərkəzi
Sen-Denidə yerləşən bu idman mərkəzi Olimpiya Oyunları üçün nəzərdə tutulan xüsusi iki idman qurğusundan biridir. Təxminən 6 min tamaşaçı oyunlar zamanı suya tullanma, sinxron üzgüçülük və su polosu üzrə qrup mərhələsindəki mübarizəyə tamaşa edəcək.
“Le-burj” Qayayadırmanma mərkəzi
Paris yaxınlığında yerləşən bu mərkəz Olimpiya Oyunları üçün nəzərdə tutulan müvəqqəti arenalardan biridir. İdman dırmanması üzrə lisenziya qazanan idmançılar olimpiada zamanı “Le-burj”da mübarizə aparacaqlar. Bu idman yarışlarını təxminən 6 min azarkeş izləyə biləcək.
“Plas-de-La-Konkord”
Parisin mərkəzində yerləşən bu meydan Fransanın ikinci ən böyük tarixi meydanıdır (Bordo şəhərində yerləşən Kinkons meydanından sonra-red). Oyunlar zamanı bu meydanda açıq səma altında basketbolun 3x3, skeytbord, breyk dans və velosipedin BMX növü üzrə yarışlar keçiriləcək. Belə ki, 5100 tamaşaçı BMX fristayl, 5500 tamaşaçı 3x3 basketbol, 7300 tamaşaçı isə skeytbort yarışlarını yaxından izləyə biləcəklər.
Tihupo çimərliyi
Sakit okeanın cənub sahillərində yerləşən Tihupo çimərliyi Taiti və Fransa Polineziyası ərazisinə daxildir. Olimpiya Oyunları zamanı çimərlik sahillərində sörfinq üzrə iki dəst medalın sahibi müəyyənləşəcək.
Milli Qolf Klubu
Sen-Kanten-An-İvelin ərazisində yerləşən qolf klubu Avropanın ən nüfuzlu qolf meydançasıdır. Fransa Qolf Federasiyasına məxsus olan bu arena mütəmadi olaraq ölkənin açıq qolf çempionatına ev sahibliyi edir. Oyunlar zamanı qolf yarışlarını 35 min azarkeş izləyə biləcək.
Versal Sarayı
Fransa kralına məxsus olan bu saray parkı 900 hektar ərazini əhatə edir. Oyunlar zamanı burada atçılıq və müasir beşnövçülük üzrə yarışlar keçiriləcək. Atçılıq yarışlarını 40 min, müasir beşnövçülüyü isə 15 min tamaşaçı yaxından izləyəcək.
Cənub İdman Arenası
Paris Ekspo Mərkəzi yaxınlığında yerləşən bu arena oyunlar üçün nəzərdə tutulan müvəqqəti idman qurğusu statusu daşıyır. Olimpiya Oyunları zamanı bir nömrəli arenada 12 min azarkeş voleybol yarışlarını izləyə biləcək. 4 nömrəli arenada 6 min 650 tamaşaçı stolüstü tennis yarışlarında öz idmançılarını dəstəkləyəcək. 6 nömrəli arenada isə 5 min tamaşaçı həndbol və ağırlıqqaldırma yarışlarının həyəcanını yaşayacaq.
“Stad Pyer Morua” stadionu
2012-ci il avqustun 17-də açılış mərasimi olan bu futbol stadionu Lill Vilnev şəhərciyində yerləşir. Futbol üzrə Fransa Liqa 1-də çıxış edən “Lill” klubunun doğma stadionu 1973-2001-ci ildə şəhər meri olan Pyer Moruanın adını daşıyır. Azarkeş tutumuna görə Fransanın 4-cü ən böyük stadionudur - 50 min 186 tamaşaçı. Olimpiya Oyunları zamanı həndbol üzrə 1/4 final mərhələsinin yarışları, basketbol üzrə qrup mərhələsinin yarışları (sonradan qapalı vəziyyətə gətirilən stadionda 27 min tamaşaçı izləyəcək) keçiriləcək.
“Olimpiya Kəndi”
Olimpiyaçılar üçün nəzərdə tutulan Olimpiya Kəndi paytaxtdan 9 kilometr aralıda yerləşir. Sena çayı sahilində 53 hektar ərazidə inşa olunub. 7 il ərzində Fransa hökuməti kəndin inşası üçün 1,85 milyard dolar vəsait xərcləyib. Təxminən 15 min nəfər Oyunlar zamanı Olimpiya Kəndində məskunlaşacaq. Paralimpiya Oyunlarında isə 9 min idmançı qalacaq. 82 yaşayış binasında 3 minə yaxın mənzil yer alıb. Kənddə yerləşən restoranda eyni vaxtda 3500 nəfər yemək yeyə bilər. Kəndin ərazisində hospital, dükanlar, bərbərxana və idman şəbəkələri yerləşdirilib. Binaların hündürlüyü 28 metrdən aşağıdır. Əsas hissələri ağaclardan inşa olunub. Hündür mərtəbələrdən Sena çayının mənzərəsi görünür. Fransa hökuməti Paris-2024-dən sonra həmin ərazini yaşayış kompleksi kimi sakinlər üçün satışa çıxaracaq.
Qeyd: Paris-2024 Yay Olimpiya Oyunlarının futbol qarşılaşmaları Marselin “Velodrom” (67 min 394 azarkeş), Lionun “Olimpik Park” (59 min 186), Bordonun “Matmyut Atlantik” (42 min 215), Sent-Etyenin “Joffrua Qişar” (41 min 965), Nitsanın “Alyans Riveyra” (35 min 624) və Nantın “Bojuar” (35 min 322) stadionlarında keçiriləcək.
Anar Əhmədov,
Azər Əlizadə