2024-cü ildə Parisdə təşkil olunacaq Olimpiya Oyunları bölgəyə 6,7 milyard avrodan 11,1 milyard avroya qədər iqtisadi gəlir gətirəcək. Əldə olunan vəsaitin böyük hissəsi sponsorluq, bilet satışı və media hüquqlarından, eləcə də, uzunmüddətli infrastruktur layihələrinə şəxsi investisiyaların payına düşəcək. Bildirək ki, ən pis halda idman dünyasının ən gözlənilən tədbiri Fransaya 6,7 milyard avro qazandıracaq.
İdman elə bir sahədir ki, demək olar ki, hər kəs onunla bağlıdır. Kimi peşəkar, kimi isə həvəskar şəkildə idmanla məşğul olur. Bəzilərinin işi idman barədə məqalə yazmaq, digərinin işi isə sadəcə, televizor qarşısında əyləşib hər hansı bir idman növündən zövq almaqdır. İdman hər kəsin həyatında xüsusi bir rol oynayır. Yalnız hər bir sahədə maraq və rəngarəngliklə yanaşı, maddiyat da xüsusi önəm daşıyır.
Beləliklə, Oyunlar zamanı Parisə 2,3 milyondan 3,1 milyona qədər insanın gələcəyi gözlənilir. Hesablamalara görə, ümumi insan sayının təxminən 64 faizi fransızlar olacaq. Paris Turizm İdarəsinin məlumatına görə, olimpiada zamanı Parisə gələn turistlərin təxminən 2,6 milyard avro xərcləyəcəkləri gözlənilir. Lakin vəsaitin böyük hissəsi, yəni 7 milyard avro media hüquqlarının satışından, sponsorluqdan, bilet satışından, həmçinin uzunmüddətli infrastruktur layihələrinə şəxsi investisiyalardan gələcək. Bu məbləğə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) vəd etdiyi 1,5 milyard avro töhfəsi də daxildir.
Qeyd edək ki, dövlət maliyyəsi 3 milyard avrodur və əsasən yerli icmaların uzunmüddətli ehtiyaclarını ödəməyə yönəlmiş layihələri əhatə edir. Dövlət xərclərinin hər avrosuna qarşı üç avro iqtisadi fayda olduğu təxmin edilir. Dövlət investisiyalarının 80 faizi Fransanın ən gənc və qeyri-funksional bölgəsindən biri olan Sen-Deniyə yönələcək. Sen-Denidə yerləşən Olimpiya kəndi 2800 mənzil və 6 min sakinin faydalana biləcəyi iki yeni məktəb təqdim edəcək.
Paris-2024 Təşkilat Komitəsi və tikinti işləri ilə bağlı məsul şirkət Solideo 5 milyard dollarlıq müqavilələrin bütün iqtisadi quruluşa və müəssisələrə fayda gətirməsini təmin etmək üçün çox sayda təşəbbüs göstəriblər. Bildirək ki, oyunların təhcizatçılarının təxminən 78 faizi kiçik və orta müəssisələrdir ki, bununla da, 500-dən çox yerli müəssisə sosial iqtisadiyyata aiddir. Bundan əlavə təxminən 80 şirkət Olimpiya Oyunlarının daxili sponsorluq proqramında iştirak edir. Proqramın iştirakçıları “Accor Hotel” şəbəkəsi, lüks əşyalar istehsalçısı LVMH və “Orange” adlı telekommunikasiya şirkətidir. Bu şirkətlərdən bəziləri ilə müqavilə 100 milyon avrodan çox qiymətləndirilir. Paris-2024 Oyunlarının rəsmi tərəfdaşları kateqoriyasına isə “AirFrance”, “Cisco”, “Decathlon” və PVC kimi şirkətlər, həmçinin qlobal və yerli markalar da daxildir. 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya və Paralimpiya Oyunları Fransada indiyə qədər keçirilən ən böyük idman hadisəsi olacaq. Oyunları dünya əhalisinin yarıdan çox hissəsi, yəni 4 milyard tamaşaçı izləyəcək.
Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasiminin atletika stadionunda deyil, milli komandaların Parisin mərkəzindən qayıq ilə keçəcəyi Sena çayında keçiriləcəyi planlaşdırılır.
Hazırladı:
Türkay Əlizadə