Bu gün Azərbaycan komandasının ilk üzvü Paris-2024Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Kamandan oxatma üzrə keçirilən yarışda komandamızın üzvü Yaylagül Ramazanova gücünü sınayıb.
Sıralama turuna 30-cu cütdə başlayan təmsilçimiz 39-cu yeri tutub. 720 mümkün xaldan 647 xal toplayan idmançımız bununla da mövsümdə ən yaxşı nəticəsinə nail olub.
İdmançımız 1/32 finalda 656 xalla 26-cı pillədə qərarlaşan çinli Quxuan Anla qarşılaşacaq. 1/32 final mərhələsinin görüşləri iyulun 30-da təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 17 proqramda 48 idmançı ilə təmsil olunur.