Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir.
İyulun 28-də Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un baş katibi Azər Əliyev Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının iştirak etdiyi yarışları izləyiblər.
MOK-un rəsmiləri bu gün atletlərimizin və nümayəndə heyəti üzvlərinin məskunlaşdığı Olimpiya kəndinə gəliblər.
Onlar bu mötəbər yarışda ölkəmizi təmsil edən idmançılar və nümayəndə heyətinin üzvləri ilə görüşüblər.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyev görüş zamanı yarışlara hazırlıqla, idmançıların və məşqçilərin məskunlaşdıqları şəraitlə, qidalanma və bir çox məsələlərlə maraqlanıblar.
Bildirilib ki, Azərbaycan idmançıları Olimpiya Oyunlarından bir qayda olaraq, həmişə uğurla qayıdıblar. Çingiz Hüseynzadə atletlərimizin bu oyunlarda da medallar qazanacaqlarına əmin olduğunu bildirib.
Qeyd edək ki, avqustun 11-dək davam edəcək Paris-2024-də Azərbaycan millisi 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edir.