Paris-2024 Yay Olimpiya Oyunlarının 6-cı günündə - iyulun 29-da Azərbaycan komandasının 6 idmançısı mübarizə aparacaq. Təmsilçilərimiz badminton, cüdo, qılıncoynatma və boks yarışlarında qüvvələrini sınayacaqlar.
Mübarizəyə ilk olaraq badmintonçumuz Keişa Fatimə Zəhra başlayacaq. Bakı vaxtı ilə 10:30-da start götürəcək badminton yarışlarında komandamızın üzvü "N" qrupunda mübarizə aparacaq. Qrupda ilk oyununda məğlub olan idmançımız ikinci görüşünü Böyük Britaniya təmsilçisi Kristi Gilmoura qarşı keçirəcək.
Bu idman növündə çıxış edəcək digər təmsilçimiz Eddi Reski Diviçayo isə mübarizəyə Bakı vaxtı ilə saat 22:50-də başlayacaq. E qrupunda qüvvəsini sınayacaq idmançımızın ilk rəqibi avstriyalı Filimon Collins Valentine olacaq.
Qılıncoynatma yarışlarında ölkəmizi sablyaçımız Anna Başta təmsil edəcək. Qadın sablyaçıların şəxsi yarışında mübarizəyə ən güclü 32-likdə başlayacaq Anna 16-lığa yüksəlmək üçün Çin təmsilçisi Yang Hengyu ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 12:50-də başlayacaq.
Bu gün həmçinin cüdo üzrə dünya və Avropa çempionumuz Hidayət Heydərov da mübarizəyə başlayacaq. İdmançımızın ilk rəqibi Tohar Butbul (İsrail) / Messaoud Redouane Dris (Əlcəzair) cütünün qalibi olacaq. “Şan-de-Mars” Arenada keçirilən cüdo yarışlarına Bakı vaxtı ilə saat 12:00-da start veriləcək.
Boks yarışlarında isə iki idmançımız mübarizə aparacaq. Bakı vaxtı ilə saat 14:52-də komandamızın bayraqdarı Məhəmməd Abdullayev (+92 kq), 22:48-də isə Malik Həsənov (63,5 kq) 1/8 final görüşünə çıxacaq. Məhəmməd Abdullayev alamniyalı Nelvi Tiafakla, Malik Həsənov isə gürcüstanlı Laşa Quruli ilə qarşılaşacaq.
Qeyd edək ki, avqustun 11-dək davam edəcək Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edir.