“Əgər zədə imkan versəydi, buradan Vətənə qızıl medalla qayıdardım”
Bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında gümüş medal qazanan idmançımız Qaşım Maqomedov deyib.
58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız əldə etdiyi gümüş medalı böyük uğur kimi dəyərləndirib.
“Finala qədər möhtəşəm bir çıxışla irəlilədim. Lakin gördüyünüz kimi idmandakı gözlənilməzlik final mərhələsində öz sözünü dedi. Karyeramın ən böyük nailiyyətini qazandım. Əgər zədə imkan versəydi, buradan Vətənə qızıl medalla qayıdardım. Amma gümüş medal da böyük uğur sayılır. Qazandığım qələbəni ailəmə, yaxın müddətdə dünyaya gələcək övladıma həsr edirəm. Azərbaycanda mənim uğurumu həyəcanla izləyən və gecənin bu vaxtında mənim mükafatlandırma mərasimimi izləyən hər bir tamaşaçıya minnətdarlığımı bildirəm”, - deyə Qaşım Maqomedov bildirib.
Qeyd edək ki, Qaşım Maqomedov cənubi koreyalı Park Tae-Junla final qarşılaşmasını zədə səbəbindən sona qədər davam etdirə bilmədiyi üçün Paris-2024-ün gümüş medalına sahib çıxıb.