Paris-2024 Yay Olimpiya Oyunlarında daha bir yarış günü idmançılarımız üçün başa çatdı. Tarixi nəticə ilə yadda qalan gündə Azərbaycan aktivinə ilk gümüş medalı yazdırıb. Komandamıza medalı taekvondoçumuz Qaşım Maqomedov qazandırıb. 58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda irlandiyalı Cek Uolleyə, növbəti mərhələdə isə ispaniyalı Adrian Visenteyə qalib gəlib. Yarımfinalda italiyalı Olimpiya çempionu Vito Dellakvilanı da məğlub edən taekvondoçumuz həlledici görüşə vəsiqə qazanıb. Final görüşündə idmançımızın rəqibi ötən il Bakıda keçirilən dünya çempionatının qalibi cənubi koreyalı Park Tae-Jun olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın əvvəllərində zədələnən idmançımız görüşü sona qədər davam etdirə bilməyib. Beləliklə, taekvondoçumuz Paris-2024-ün gümüş medalına sahib çıxıb.
Komandamız növbəti medalı yunan-Roma güləşi yarışında əldə edə bilərdi. Təəssüf ki, təmsilçimiz Sənan Süleymanovun (77 kq) bürünc medal uğrunda qarşılaşmada qırğızıstanlı rəqibinə məğlub olaraq olimpiadanı beşinci pillədə başa vurub.
Bu gün həmçinin digər klassiklərimiz Həsrət Cəfərov (67 kq) və Rafiq Hüseynov (87 kq) da xalça üzərinə çıxıb. 1/8 finalda misirli Mohamed Elsayedə, növbəti mərhələdə isə moldovalı Valentin Petiçəqalib gələn Həsrət yarımfinalda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibova məğlub olub. O, bu gün üçüncü yer uğrunda qarşılaşmada qalib gələcəyi təqdirdə bürünc medalın sahibi olacaq. H.Cəfərovun rəqibi təsəlliverici görüşlərdən sonra müəyyənləşəcək.
Daha bir yunan-Roma güləşçimiz Rafiq Hüseynov (87 kq) isə ilkin mərhələdə macarıstanlı David Losonça məğlub olub. Olimpiya mükafatçımıza 1/8 finalda qalib gələn macarıstanlı idmançl finala yüksələ bilmədiyi üçün pəhləvanımız mükafat uğrunda mübarizədən də kənar qalıb.
Beləliklə,15 idman növü üzrə 48 idmançı ilə Parisə yollanan komandamızın 36 üzvü artıq yarışlarda iştirak edib. Onlardan da 31-i medal uğrunda mübarizəni dayandırıb.
Təmsilçilərimizdən Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) cüdo yarışlarında qızıl medal qazanaraq Azərbaycan himnini səsləndiriblər. Taekvondoçumuz Qaşım Maqomedov isə gümüş medala sahib çıxıb. Boksçumuz Alfonso Dominqes (92 kq) və Həsrət Cəfərov (67 kq) isə olimpiadada mübarizəsini davam etdirir.
A.Dominqes finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. O, avqustun 10-da təşkil olunacaq həlledici görüşdəözbəkistanlı Lazizbek Mullojonovla qarşılaşacaq.
Həsrət Cəfərov isə sabah bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına avqustun 11-də yekun vurulacaq.