Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən bədii gimnastika üzrə yarışlar davam edir. Yarışda iştirak edən bədii gimnastımız Zöhrə Ağamirova fərdi çoxnövçülükdə növbəti hərəkətini icra edib. Təmsilçimiz bu dəfə lentlə bacarığını nümayiş etdirib. Onun çıxışı hakimlər tərəfindən 28,400 balla qiymətləndirilib.
Bunadək topla çıxışı zamanı 30,200, halqa ilə 32,500 bala layiq görülən gimnastımız üç hərəkətin cəmində 91,100 bala malikdir. Zöhrə artıq ilk hərəkəti yerinə yetirən 10 idmançı arasında 6-cı yerdədir.
Z.Ağamirova Bakı vaxtı ilə saat 19:04-də gürzlərlə hərəkətlərdə çıxış edəcək. Qeyd edək ki, təsnifat mərhələsində 24 idmançı mübarizə aparır. İlk 10 yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq. Fərdi çoxnövçülükdə həlledici mərhələ sabah təşkil olunacaq. Final mərhələsi saat 16:30-da başlayacaq.