Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən bədii gimnastika üzrə yarışlar davam edir. Fərdi çoxnövçülükdə təsnifat mərhələsi üzrə yarışlarda ölkəmizi təmsil edən Zöhrə Ağamirova növbəti hərəkətini icra edib. O, bu dəfə halqalarla hərəkətlərdə bacarığını göstərib. Təmsilçimizin çıxışı hakimlər tərəfindən 32.500 balla qiymətləndirilib. O, hazırda 5-ci sıradadır.
Gimnastımız daha əvvəl topla hərəkətlərdə hakimlərdən 30.200 bal almışdı.
Z.Ağamirova Bakı vaxtı ilə saat 17:33-də lent, 19:04-də isə gürzlərlə hərəkətlərdə çıxış edəcək.
Qeyd edək ki, təsnifat mərhələsində 24 idmançı mübarizə aparır. İlk 10 yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.
Fərdi çoxnövçülükdə həlledici mərhələ sabah təşkil olunacaq. Final mərhələsi saat 16:30-da başlayacaq.