Karate üzrə yığma komandamız yanvarın 11-12-də keçiriləcək nüfuzlu "Paris Open” beynəlxalq turnirinə hazırlaşır. Dünya Karate Federasiyasının (WKF) Premyer Liqa silsiləsindən olan ənənəvi yarışda 14 idmançımız iştirak edəcək. Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında əməkdar məşqçilər Şahin Xudaverdiyev, Vahid Ayvazov və baş məşqçinin köməkçisi Rəşad Hüseynov da karateçilərimizlə birgə yanvarın 9-da yarışa yola düşəcəklər. "Paris Open” turnirində Məcid Əmirov (-60 kq), Rafiz Həsənov (-67 kq), Niyazi Əliyev (-67 kq), Tural Ağalarzadə (-67 kq), Samir Məmmədov (-75 kq), Şahin Quluzadə (-75 kq), Ayxan Mamayev (-84 kq), Pənah Abdullayev (-84 kq), Rəsul Əlizadə (-84 kq), Asiman Qurbanlı (-84 kq), Əli Cəfərov (+84 kq), Tural Balcanlı (kata), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) ölkəmizi təmsil edəcəklər. Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakimlərimiz, AMKF-in vitse-prezidenti Yusif Məmmədov və AMKF Hakimlər Komitəsinin sədri Cahangir Babayev turniri idarə edən hakimlər arasında olacaqlar.
Bu mötəbər yarışın favoritlərindən sayılan Rafael Ağayev (-75 kq) dizindən əməliyyat olunduğuna görə "Paris Open”-də iştirak edən heyətə daxil edilməyib. Fransaya yola düşən heyət vətənə yanvarın 14-də dönəcək.