Karate üzrə Azərbaycan milli komandasının üzvləri Ayxan Mamayev (-84 kq), Asiman Qurbanlı (+84 kq) və Niyazi Əliyev (-67 kq) Fransanın paytaxtında keçirilən mötəbər "Paris Open” beynəlxalq turnirində bürünc medala sahib olublar. Daha bir idmançımız Nuranə Əliyeva (-50 kq) isə təsəlliverici görüşlərdə qələbəni əldən verib. Kata nümayişində Tural Balcanlı ilk səkkizlikdə yer alıb. Dünya Karate Federasiyasının (WKF) Premyer Liqa seriyasından olan 2014-cü ilin ilk yarışında 14 idmançımız qüvvəsini sınayıb. Qeyd edək ki, yarışda 58 ölkədən 770 idmançı iştirak edib. Beynəlxalq dərəcəli hakimlərimiz, AMKF-nin vitse-prezidenti Yusif Məmmədov və AMKF Hakimlər Komitəsinin sədri Cahangir Babayev də ənənəvi turniri idarə edən hakimlər arasında olublar. Bu mötəbər turnirin favoritlərindən sayılan Rafael Ağayev (-75 kq) dizində cərrahiyyə əməliyyatı aparıldığına görə "Paris Open”də iştirak edə bilməyib. Azərbaycan ümumi komanda hesabında 22 medal qazanan ölkə arasında 16-cı yeri tutub. 7 qızıl, 2 gümüş və 5 bürünc medala sahib olan Fransa komandası birinci, 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanan Yaponiya komandası isə ikinci pilləni tutub. Hərəyə bir qızıl medalı olan Belarus, Makedoniya, Macarıstan, Ukrayna və Yunanıstan komandaları 3-7-ci yerləri bölüşdürüblər.
Yarışa Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında əməkdar məşqçilər Şahin Xudaverdiyev və Vahid Ayvazov, eləcə də baş məşqçinin köməkçisi Rəşad Hüseynov ilə yollanan karateçilərimiz bu gün vətənə dönəcəklər.